Azərbaycanlılar arasında məşhur olan Mobile.de saytında yenidən canlandırılmış Lamborghini Countach LPI 800-4 superkarının satışı barədə elan dərc edilib. Bremendə fəaliyyət göstərən Auto-Galerie şirkəti tərəfindən yerləşdirilmiş elanda, 112 nüsxədə buraxılacaq unikal superkardan birini 5,95 milyon avroya əldə etmək təklif olunur. Xatırladaq ki, Lamborghini şirkəti superkarı iki milyon avroya satır. Üstəlik, satışa çıxarılan superkarın 100 kilometr yürüyüşü olduğu bildirilib.
Elanda söhbət ağ rəngli kuzova və dəri salona malik olan Countach modelindən gedir. Avtomobilin təchiz olunduğu opsiyalar arasında pnevmoasqı, adaptiv optika, klimat-kontrol, media sistemi və çoxsaylı sürücü yardımçıları var.
Əfsanəvi superkarın müasir təfsiri Lamborghini Sian FKP 37 modeli ilə eyni güc qurğusuna və texniki hissəyə malikdir. Bu isə, Countach LPI 800-4 modelinin 6,5-litrlik V12 atmosfer mühərriki və elektrik mühərriki inteqrasiya olunmuş yeddi pilləli ISR “robotu” ilə təchiz edildiyindən xəbər verir. Avtomobilin indeksindəki 800 rəqəmi sizi yanıltmasın: Lamborghini bu dəfə də indeksi yuvarlaqlaşdırmaq qərarına gəlib: amma yuvarlaqlaşdırılan mühərrikin iş həcmi deyil, gücüdür.
Əslində hibrid güc qurğusunun ümumi hasilatı 814 at qüvvəsi təşkil edir. Qeyd etmək gərəkdir ki, bu hasilatın 780 at qüvvəsi benzin mühərrikinin, 34 at qüvvəsi isə elektrik mühərrikinin payına düşür. Cərəyan mənbəyi olaraq eyni ölçülü litium-ion batareyasından üç dəfə güclü olan superkondensator çıxış edir.
Karbondan hazırlanmış monokoku və kuzov panelləri olan tam ötürməli kupe cəmi 1595 kiloqram çəkiyə malikdir. Superkar 100 km/saat həddinə sürətlənməsinə 2,8 saniyə, 200 km/saat həddinə sürətlənməsinə isə 8,6 saniyə gərəkdir. Countach LPI 800-4 modelinin makismal sürəti 355 km/saatdır. Avtomobilin 100 km/saat həddindən tam dayanmasına 30 metr tələb olunur.
Bir müddət bundan öncə, Yaponiyadakı dilerlərdən biri Countach modelinə olan növbəni satmağa cəhd etdiyi barədə məlumat peyda olmuşdu. Lakin sövdələşmənin qiyməti açıqlanmamışdı və qiymətin ancaq maraqlı tərəf ilə şəxsi görüş zamanı səsləndiriləcəyi bildirilmişdi.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.