Lamborghini əlli il bundan əvvəl tarixindəki bəlkə də ən məşhur modeli - əfsanəvi Countach superkarını nümayiş etdirib. 1971 -ci ilin mart ayında Cenevrədə keçirilən avtosalonda italyan Bertone studiyası Lamborghini Countach LP500 prototipini təqdim edib və bununla da yeni superkarın parlaq tarixinin başlanmasına təkan verib. 1974-cü ildən 1990-cı ilə qədər istehsal olunun superkar Lamborghini markasının bütün gələcək flaqmanları (Diablo, Murcielago və Aventador) üçün dizayn üslubunun əsasını qoyub.
Yeri gəlmişkən, markanın sonuncu flaqmanı olan Aventador modeli tezliklə təqaüdə göndəriləcəkdir: 10 il əvvəl debüt etmiş modelin istehsal dövrü başa çatmaq üzrədir. Onun yerini yenidən canlandıracaq Countach superkarının tutma şansı yüksəkdir. Bu gün italyan istehsalçısı 21-ci əsrin Countach modelinin ilk rəsmi tizerini yayımlayıb.
Lamborghini Countach LP500
Təəssüf ki, yeni superkarla bağlı təfərrüatlar hələlik çox azdır – tizerdə yeni modelin Countach LPI 800-4 adlanır. Yeni superkarın tizerləri Lamborghini Unica tətbiqində dərc ediliblər. Modelin adındakı LPI abbreviaturası Longitudinale Posteriore Ibrido kimi açıqlanır. 800 rəqəmi modelin gücünə, 4 rəqəmi isə tam ötürməyə işarə edir. Xatırladaq ki, bənzər indeksə Asterion LPI 910-4 superkarı malikdir.
Lamborghini şirkətinin rəhbəri Stefan Vilnkelmann əvvəl verdiyi məlumata əsaslansaq, Countach modelinin Sian superkarının bazasında inşa ediləcəyini söyləmək olar. Xatırladaq ki, öz növbəsində Sian modelinin dizaynı əfsanəvi Countach modelindən və Terzo Millennio konseptindən ilham alınaraq yaradılıb. Superkar 6,5-litrlik V12 atmosfer mühərriki və yeddi pilləli transmissiyaya inteqrasiya edilmiş elektromotora malikdir. Güc qurğusunun ümumi hasilatı 819 at qüvvəsi təşkil edir. Görünən odur ki, Countach LPI 800-4 modeli donorundan bir qədər zəif olacaqdır.
Yeni Lamborghini Countach LPI 800-4 superkarı 15 avqust tarixində Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsində təqdim ediləcəkdir. Superkarın tirajı 112 nüsxə ilə məhdudlaşacaq, qiyməti isə üç milyon avro olacaqdır.Müqayisə üçün, Sian kupe və rodsterləri, müvafiq olaraq, 63 və 19 nüsxəlik tirajla inşa ediliblər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.