Lamborghini şirkəti özünün elektromobilini buraxmaq planlarından tamamilə imtina edib. Lamborghini şirkətinin baş direktoru Stefan Vinkelmann bu barədə “The Times” qəzetinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Lamborghini müştərilərinin belə güc aqreqatına malik olan avtomobillərə marağı "sıfıra yaxınlaşır". İtalyan brendinin pərəstişkarlarının elektrokarlarla heç bir emosional əlaqəsi yoxdur və tələbata malik olmayan elektromobil hazırlamaq şirkət üçün çox "bahalı hobbiyə" çevrilə bilər.

Beləliklə, Lamborghini konseptual Lanzador elektrik kupe-krossoverini istehsal üçün uyğunlaşdırmayacaq. O, 2023-cü ildə ictimaiyyətə təqdim edilib və 2028-ci ildə bazara çıxacağı gözlənilirdi. Elektromobil üç elektrik dartma mühərrikinə malik olmalı idi: biri ön oxda, digər ikisi isə, arxa təkərlərdə. Onların ümumi gücünün bir meqavattdan və ya 1360 at qüvvəsindən çox olacağı gözlənilirdi. Lanzador həmçinin tənzimlənən pnevmatik asqısı, adaptiv amortizatorları və idarələnən arxa oxu olan şassi ilə təchiz edilməli idi. Bir müddət əvvəl elektrik kupe-krossoverinin debütü 2029-cu ilə təxirə salındı, indi isə, layihə tamamilə ləğv edilib.

Lakin italyanlar elektrikləşdirmədən tamamilə imtina etmək niyyətində deyillər. Elə həmin müsahibədə Vinkelmann Lamborghini şirkətinin qoşulan hibridlərə üstünlük verəcəyini bildirib. Şirkətin planına əsasən, 2030-cu ilə qədər hibridlər brendin model çeşidini tədricən genişləndirəcək və faktiki olaraq V8 və V12 benzin mühərriklərinin istehsal müddətini uzadacaqlar. Əslində, Lamborghini brendinin hazırkı çeşidində artıq qoşulan hibridlər var: çox təvazökar elektrik diapazonuna malik olsalar da, Urus SE, Temerario və Revuelto modelləri qoşulan hibrid sistemlərə malikdirlər.

Qeyd etmək lazımdır ki, Lamborghini hazırda özünün ən yüksək formasındadır. 2025-ci ilin sonuna qədər şirkət dünya miqyasında rekord sayda - əvvəlki ildən 60 ədəd çox - 10.747 avtomobil satıb. Superkarlar ən çox Avropa, Yaxın Şərq və Afrikada (4.650 ədəd) alınıb, daha 3.347 Lamborghini avtomobili Amerikada satılıb, 2.750 avtomobil isə, Asiya-Sakit Okean bölgəsinə çatdırılıb. Avtomobil istehsalçısı bu ilin mart ayında ətraflı maliyyə hesabatlarını dərc edəcəyinə söz verib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.