Məlumat verdiyimiz kimi, dünən məşhur supercar istehsalçısı olan Lamborghini şirkəti “üçüncü minilliyin” superkarını təmsil edən konsept avtomobilini nümayiş etdirib.
Futuristik görkəmə malik olan və Lamborghini Terzo Millennio Concept adı ilə təqdim edilən avtomobil Massaçusets texnologiya institutu (MTİ) ilə əməkdaşlıqda hazırlanıbdır. Lamborghini nümayəndələrinin sözlərinə görə, konseptual avtomobil dünya ictimayyətinə yaxın gələcəkdə italyan markasının seriya avtomobillərində tətbiq ediləcək texnologiyaları nümayiş etdirməklə vəzifələndirilib.
İtalyan şirkətinin rəhbəri Stefano Domenikali Lamborghini Terzo Millennio Concept modelinin bu markanın dizayn üslubunun hansı istiqamətdə inkişaf edəcəyini göstərdiyini bildirib. Bundan başqa, Domenikali konseptin yaradılmasında bir sıra mütərəqqi texnologiyalardan istifadə edildiyini söyləyib. O, həmçinin bu texnologiyaların gələcəyin avtomobillərində tətbiq ediləcək innovasyon texnologiyaların kiçik bir hissəsi olduğunu qeyd edib.
Lamborghini və MTİ nümayəndələri, Terzo Millennio Concept prototipinin “ultrayüngül quruluşa, maksimal aerodinamik effektivliyə, brutal dizayna və quruluşunda hava axınlarının yaxşı cərəyan etməsini təmin edən boşluqlara malik olan sürücü avtomobili” kimi səciyyələndiriblər. Konsept dörd elektromotorla təchiz edilibdir ki, hər bir mühərrik konkret təkərə cavabdehdir. Bundan başqa, prototip onun kuzov strukturunda yerləşdirilən enerjini toplayan blok və superkondensatorlara sahib olub.
Lamborghini və MTİ mühəndisləri yalnız güc qurğusunun gücünün artırılması üzərində deyil, həmçinin yeyin enerji yükləmə qurğusunun üzərində də çalışıblar. Onlar kinetik enerjinin effektiv rekuperasiyası, yükləmə silsilələrinin artırılması və akkumulyatorların sürətli aşınmasının qarşısını almaq üzərində də işləyiblər. Nəticədə, Lamborghini Terzo Millennio Concept modelinin kuzov panelləri akkumulyator batareyaları rolunu oynayır.
Belə ki, konsept karbon liflərindən hazırlanan nanoborulardan qidalanır ki, bu da nazik ölçülərə malik olan batareyaları kuzovun xarici və daxili qatı arasında yerləşdirməyə imkan verir. Bununla belə, bu batareyaların gücü dörd elektrik mühərrikini qidalandırmağa kifayət edir.
Məlum məsələdir ki, tərəfdaşlar prototipin texniki xarakteristikalarını açıqlamayıblar. Karbon lifindən geniş istifadə nəticəsində avtomobil “çox yüngül” alınıb. Eyni zamanda, Lamborghini və MTİ nümayəndələri özü bərpa olunan karbon lifi üzərində çalışdıqlarını da bildiriblər.
Bu o deməkdir ki, avtomobil müstəqil şəkildə özünün karbon strukturunun monitorinqini aparacaqdır. Əgər çatlar və zədələr aşkar edilərsə, “mövcud olan mikrokanallar xüsusi bərpaedici maddələrlə doldurularaq materialın strukturunu bərpa edəcəkdir”. Bu texnologiya yüksək yeyilməsi olan detalların da karbondan hazırlanmasına təkan verəcəkdir.