Lamborghini şirkəti Huracan modelinin modifikasiyalarını artırmağı planlaşdırır. Yaxın gələcəkdə yeddi yeni modifikasiya, o cümlədən də yolsuzluq variantı olacaq Huracan Safari versiyası da işıq üzü görməlidir. Bu barədə "Automobile" nəşri məlumat yayıb.
Dərginin məlumatına əsasən Safari modifikasiyası hündürlüyü tənzimlənən asqıya, tam idarələnən şassiyə və kuzovun plastikdən hazırlanmış xüsusi müdafiəsinə sahib olacaqdır. Bu modifikasiya həm kupe, həm də rodster kuzovu ilə təklif ediləcəkdir. Yolsuzluq üçün nəzərdə tutulmuş modifikasiya ilə yanaşı Lamborghini Huracan modelinin Barchetta, Speedster, Targa, bərkgedən SV (Super Veloce) və hardkor GT3 Stradale variantı da olacaq.
Hazırda superkar kupe və spayder kuzovları, həmçinin "qaynar" Performante modifikasiyasında təklif edilir.
Lamborghini "ürəyinə" malik olan Giugiaro Parcour Huracan Safari modelinin prototipi ola bilər
Hazırda italyan istehsalçısı Aventador modelinin yeni nəsli üzərində işləyir.
2020-ci ildə işıq üzü görəcək avtomobil 800 at qüvvəli yeddi litrlik V12 mühərriki və onun ön oxda elektromotor yerləşdirilmiş hibrid variantı ilə təchiz ediləcəkdir. Hibrid aqreqatın ümumi gücü 1000 at qüvvəsinə yaxın olacaqdır. Aventador modelindən bir il sonra Huracan superkarının növbəti nəsli təqdim ediləcəkdir.
Yeni superkar V10 mühərrikindən məhrum ediləcəkdir. Onu Porsche şirkətinin 4.0-litrlik səkkiz silindrli turbomühərriki əvəz etməlidir.