Bu günlərdə ABŞ-ın Yol Hərəkətinin Təhlükəsizliyi Milli İdarəsi (NHTSA) tərəfindən geri çağrılan təkcə Porsche Taycan elektrik sedanı deyil. Volkwagen qrupuna daxil olan digər bir marka da geri çağırma kampaniyasına başlayacaqdır.
Söhbət, 2 - 9 may 2022-ci il arasında buraxılmış Lamborghini Huracan Evo və Huracan STO superkarlarından gedir. Sürücü qapısının mexanizminin düzgün quraşdırılmaması səbəbindən, onu xaricdən açmaq mümkün deyil. Fövqəladə hal baş verərsə, belə defekt təhlükəli ola bilər.
Tənzimləyicinin fikrincə, qüsur qapının açılması trosunun təhlükəsizlik sıxacının yanlış yerdə quraşdırılmasından ibarətdir. İçəridən sürücünün qapısı problemsiz açılır, ancaq kənardan onu açmaq mümkün olmaya bilər. Bununla belə, bütün Lamborghini Huracan modellərinin sərnişin qapısının açılma mexanizmi qüsursuz yığılıb.
İyulun 1-dən ABŞ-dakı Lamborghini dilerləri qüsurlu superkarların sahibləri ilə əlaqə saxlamağa başlayacaqlar. Servislərdə qüsuru pulsuz aradan qaldıracaqlar. NHTSA tərəfindən verilən məlumata görə, qüsuru aradan qaldırmaq üçün təhlükəsizlik sıxacının düzgün yerləşdirməsi kifayət edir.
Maraqlıdır ki, iki il əvvəl analoji problem Lamborghini Aventador superkarında da qeydə alınıb - o zaman montajçı trosu 26 ədəd SVJ kupe və rodsterdə səhv quraşdırmışdı ki, bu da qapıların içəridən açılmamasına gətirib çıxarmışdı.
İki ay əvvəl isə, Lamborghini başqa bir qüsur ucbatından hardkor Huracan STO superkarlarını geri çağırıb. İtalyan istehsalçısı zavodda superkara doldurulan transmissiya mayesinin lazımi səviyyədə olmadığını etiraf edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.