Lamborghini şirkəti Huracan superkarının görünüşünü lazımi qədər aqressiv hesab etməyən müştəriləri üçün xüsusi kuzov dəstini təqdim etmişdir. İtalyan istehsalçısının fikrincə bu dəst avtomobilin zahiri görünüşünü olduğunda daha aqressiv edəcəkdir. Təklif edilən kuzov dəstinin tərkibinə yeni ön spoyler, ön və arxa bamperlər üçün xüsusi örtüklər, genişləndirilmiş yan kandarlar və iri arxa antiqanad daxildir. Karbondan hazırlanmış staylinq-kit üçün Lamborghini şirkəti 19850 avro tələb edir.
Lamborghini Huracan modeli 610 at qüvvəsi və 560 Nm fırlanma anı olan 5,2-litrlik atmosfer tipli V10 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı iki muftalı yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir. Lamborghini Huracan modelinin maksimal sürəti 325 km/saat təşkil edir.
Hal-hazırda italyan istehsalçısı Huracan modelinin ekstremal variantı olan Lamborghini Huracan Superleggera modifikasiyasının hazırlanması üzərində işləri davam etdirir. Ehtimal olunanlara görə, Huracan Superleggera yarış superkarı olan Huracan GT3 modelindən alınmış gücləndirilmiş mühərrik və buraxılış sistemi, həmçinin yeni kuzov dəsti ilə təchiz ediləcəkdir.