Lamborghini şirkəti yaxın günlərdə Huracan modelinin daha bir versiyasını təqdim edəcəyini bildirib. Böyük ehtimalla, söhbət STO versiyasının daha “sakit” variantı olacaq Tecnica versiyasından gedir. Yeni versiyanın 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərrikinə və yeni aerodinamik dayağa sahib olacağı gözlənilir. Huracan Tecnica modelinin debütü 12 aprel tarixində Bakı vaxtı ilə saat 14:00-da baş tutacaqdır.

İlkin məlumata görə, Huracan Tecnica (əvvəllər onun JV Stradale adlanacağına dair fərziyyələr var idi) əsasən adi Huracan Evo modelinin kosmetik dəyişikliklərə məruz qalmış variantı olacaqdır. Superkar yeddi pilləli LDF “robotu” və tam ötürmə sistemi ilə birlikdə çalışan 5,2-litrlik V10 atmosfer mühərrikini alacaqdır. Yeni superkar istehsalı dayandırılmış Huracan Performante modelinin əvəzedicisi kimi görünür, lakin artıq bu superkarın ideoloji varisi mövcuddur – bu, arxa ötürməli Huracan STO (Super Trofeo Omologato) superkarıdır.

Lamborghini Huracan STO superkarından fərqli olaraq, Huracan Tecnica eyni aqressiv aerodinamikaya, o cümlədən arxa stabilizator-üzgəcə malik olmayacaqdır. Yeni superkarın dərc olunmuş yeganə tizerində yalnız mühərrik bölməsinin orijinal dizaynlı karbon qapağı və “Ordine di accensione” yazısı olan lövhəni görmək olar. Tecnica versiyasının, Huracan modelinin 2024-cü ildə debüt edəcək hibrid varisi gələnə qədər onun son variantlarından biri olacağı gözlənilir.

Huracan modelinin ikinci variantı, bu il buraxılması planlaşdırılan Huracan Sterrato krossoveridir. Bu variant 2019-cu ildə nümayiş etdirilmiş eyni adlı konseptə əsaslanacaqdır. Belə superkar nisbətən çətinlik çəkmədən torpaq yollarda hərəkət edə biləcək və çox güman ki, hətta mexatronikanın xüsusi ofroud rejimini də alacaqdır. Damdakı reylinqlər, altlığın müdafiəsi və artırılmış klirens də Sterrato üçün standart ola bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.