Lamborghini şirkəti özünün klassik daxili yanma mühərriki ilə təchiz edilmiş ən son seriya modeli olacaq Huracan Sterrato superkarının yolsuzluq modifikasiyasının təqdimatına hazırlaşır. Vida versiyasını yolsuzluqda istifadə etmək və ralli üçün hazırlayıblar. Bu dəfə istehsalçı superkarın yolsuzluq imkanlarını nümayiş etdirildiyi videoçarxı yayımlayıb, habelə Sterrato modelini sörfinq taxtası ilə müqayisə edib.

“Beyond The Concrete. Part 2” adlı videoda Huracan Sterrato qumlu və çınqıllı yollarda  hərəkət edir. Videonun sonunda avtomobil çimərliyə çatır və burada Sterrato’nun qum üzərində “sürüşməsi” dalğaların arasından sörfinqlə şütüməyə bənzədilir.

Mavi kamuflyajdan başqa, Huracan Sterrato, səyahət üçün əlavə ləvazimatı götürməyə imkan verən dam reylinqlərinə malikdir. Bundan əlavə, yolsuzluq superkarı kuzovun ön hissəsində iki yığcam LED çilçıraqla təchiz edilib.

Avtomobilin klirensi 47 millimetr, giriş və çıxış bucaqları müvafiq olaraq 1 və 6,5 faiz artırılıb. Sterrato təxminən 630 at qüvvəsi hasil edəcək 5,2-litrlik V10 atmosfer mühərriki ilə hərəkətə gələcəkdir.

İtalyan istehsalçısı yolsuzluq superkarının təqdimatının dəqiq tarixini açıqlamır. Lakin Huracan Sterrato modelinin debütünün bu il oktyabrın 23-də işinə başlayacaq Paris avtosalonunda baş tutması gözlənilir. Bu halda yenilik Huracan modelinin daxili yanma mühərriki olan son versiyası olacaqdır. Huracan modelinin növbəti nəsli elektrikləşdirilmiş güc qurğusunu alacaqdır.

İyulun sonunda Lamborghini Huracan Sterrato kupesinin vida versiyası əks etdirilmiş bir neçə tizer və videoçarxını yayımlayıb. Şəkillərdə kamuflyajla örtülmüş superkarın bütün detallarını görmək olardı.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.