Lamborghini şirkətinin idman bölməsi Super Trofeo monokuboku üçün hazırladığı yenilənmiş Huracan modelini təqdim edib. Huracan Super Trofeo EVO adını almış avtomobil daha təhlükəsiz və aerodinamik olub.
Yüksək sürətlərdə böyük aerodinamik effektivliyi və stabilliyi təmin etmək üçün, avtomobili Dallara Engineering ilə birlikdə hazırlanmış yeni aerodinamik kuzov dəstilə təchiz ediblər. Xatırladaq ki, Dallara Engineering “Le Manın 24 saatı” yarışlarında iştirak edən prototiplərin və Bugatti Chiron modelinin şassisi üzərində işləyib.
Yeni dəstin ən gözə çarpan elementi yuxarı hava girişi və üzgəcdir.
Bənzər üzgəc LMP1 prototiplərində və bu ildən F1 bolidlərində quraşdırılır.
GT sinfində olan Lamborghini avtomobillərində belə üzgəc, ilk dəfədir ki, tətbiq edilir. Yeni elementlərdən biri də Huracan Trofeo EVO modelinə quraşdırılan tavan lyukudur ki, bu da GT3 kateqoriyasında olan Huracan modelində ilk dəfə quraşdırılır.
Bu lyukdan qəza zamanı pilotun təxliyyəsi üçün istifadə ediləcəkdir. Avtomobilin mühərriki dəyişilməz qalır. 5,2-litrlik V10 mühərriki 620 at qüvvəsi və 577 Nm fırlanma anı hasil edir. Mühərrikin gücü arxa oxa 6-pilləli Xtrac sekvental ötürmələr qutusu vasitəsi ilə ötürülür.
Monzadakı treki yenilənmiş avtomobil sələfindən 1,5 saniyə yeyin (1 dəqiqə 46,3 saniyə) qət edir. Yenilənmiş avtomobilin debütü 2018-ci ilin yazında baş tutacaqdır. Onun ABŞ-dakı satış qiyməti 295 min dollar təşkil edir.