Lamborghini şirkətinin Meksika nümayəndəliyi italyan markasının yerli bazara çıxmasının 10 illik yubileyinin şərəfinə xüsusi Huracan Evo kvartetini hazırlayıb. Superkarların dizaynını markanın distribyutoru Grand Chelem şirkəti Ad Personam bölməsi ilə birlikdə hazırlayıb.Superkarların hər biri Meksika mədəniyyətinin vacib elementlərini - Vita (həyat), Morte (ölüm), Sogno (yuxu) və Tempo (zaman), - təmsil edir.
Xüsusi nəşrin flaqmanı, Verde Ermes yaşılına boyanmış və Oro Elios rəngində qızılı haşiyələr ilə bəzədilmiş Lamborghini Huracan Evo superkarı elan edilib. Bu superkar həyatı (Vita) və təbiəti təmsil etməklə yanaşı, azadlığı və uğuru da tərənnüm edir - salonda quraşdırılmış və üzərində qartal şəkli olan karbon altıbucaqlı buna sübutdur.
Qartalı Meksikanın gerbində də görmək olar ki, bu də qədim əfsanəyə işarədir. Həmin əfsanəyə görə, günəş tanrısı azteklərə hündür kaktusun üstündə oturmuş və dimdiyinə ilan tutmuş qartalla qarşılaşacaqları yerdə şəhər salmağı əmr edib.
Huracan Evo Morte Edition superkarını kəllə olan emblem bəzəyir. Blu Astraeus rəngli kupenin kuzovu Bronzo Serse bürünc çiləmələrlə tamamlanır, salon isə bürünc rəngli tikişləri olan Blu Teia Vintage rəngli dəri ilə örtülür.
İkibaşlı ejdaha olan emblem isə Huracan Evo Sogno Edition modeli üçün nəzərdə tutulub. Bu avtomobil, meksikan folklorundakı mifik canlıları xatırlatmaq üçün açıq mavi Blu Symi və qızılı Oro Elios rənglərinə boyanıb.
Nəhayət, qara rəngli Huracán EVO Tempo Edition modeli Lamborghini və Meksika arasındakı dostluğun simvoludur. Onun totemi dərisini atmaqla özünü yenidən dərk etməyə çalışan ilandır. Superkar Nero Nemesis və Bronzo Serse çalarlarına boyanıb və tünd rənglərdə tərtib edilmiş salona malikdir.
Lamborghini markasının ölkədəki fəaliyyətinin 10-cu ildönümünü qeyd etmək üçün hazırlanmış dörd avtomobilin hamısı, Mexiko şəhərindəki ən məşhur turistik yerlərin yaxınlığında nümayiş etdiriləcəklər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.