Bir çoxlarının pərəstiş etdiyi Lamborghini Miura sportkarı bu il yaradılmasının 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu əlamətdar yubileyi layiqincə qeyd etmək üçün italyan istehsalçısı iki ədəd Miura sportkarını Piter Kollinzin «Italyan işi» filmindəki marşrut ilə, Alp dağlarının ürəyi sayılan Böyük San-Bernar aşırımına yollamışdır. Bu mərasim eyni zamanda, oktyabr ayından başlayaraq may ayına kimi bağlanan aşırımın açılışını qeyd etmək məqsədilə təşkil edilmişdir.
Lamborghini Miura modeli ilk dəfə, 1966-cı ildə keçirilmiş beynəlxalq Cenevrə avtomobil sərgisində nümayiş etdirilmişdir. Ortamühərrikili avtomobilin texniki cəhətdən hazırlanmasına Jan Paolo Dallara və Paolo Stanzani cavabdeh olmuşdurlar.
Miura modelinin dizaynını hazırlamaq üçün isə, məşhur dizayner maestro Marçelli Qandini cəlb edilmişdi. P400 adı altında istehsal edilən birinci seriyadan olan avtomobillər 350 at qüvvəli 3,9-litrlik mühərriklə təchiz edilirdilər. Lamborghini Miura modelinin maksimal sürəti 288 kilometr saat təşkil edirdi.
On il bundan öncə, Miura modelinin 40 illik yubileyinin şərəfinə eyni adlı müasir konsept hazırlanmışdır. Bu konsept ilkin olaraq Amerikan radio və televiziya muzeyində nümayiş etdirilmiş, iki həftədən sonra Şimali Amerikan beynəlxalq avtomobil salonunda (NAIAS) geniş kütlə qarşısında debüt etmişdir.