Keçən ilin mart ayında Lamborghini şirkəti V12 mühərrikinə əsaslanan hibrid güc aqreqatı ilə təchiz olunmuş Revuelto superhibridini təqdim edib. Aventador modelinin varisinin ilk nüsxələrinin müştərilərə çatdırılmasına isə, 2023-cü ilin sonunda başlanılıb. Hələlik superhibridin yalnız baza versiyanın satılması və onun qiymətinin təxminən 400 min avro olmasına baxmayaraq, ona tələbat çox böyükdür: modelin bütün tirajı 2026-cı ilin sonuna qədər satılıb.

Lamborghini şirkəti Revuelto almaq istəyənlərin öz avtomobillərini təxminən üç il gözləməli olacaqlarını bildirib. 2023-cü ildə nə qədər superhibridin tədarük edildiyi və 2024-cü il üçün planın nə qədər olduğu bilinmir.

Ümumilikdə, Lamborghini keçən il 10 112 avtomobil satıb ki, bu da 2022-ci illə müqayisədə 10% çoxdur. Beləliklə, italyan markası üçüncü ildir ki, ardıcıl olaraq öz rekordunu yeniləyir.

Satışların təkanvericisi 2018-ci ildə debüt etmiş Urus krossoveridir: onu dünya üzrə altı mindən çox insan seçib. İkinci yerdə təxminən dörd min nüsxədə satılmış Huracan qərarlaşıb.

V12 atmosfer mühərriki olan superkarlar 63 ədəd satılıb ki, onların 12 ədədini Aventador modelinin son nüsxələri, qalanını isə, onun əsasında yaradılmış Invencible kupesi və Auténtica rodsteri kimi məhdud tirajla buraxılan superkarlar təşkil edib.

Satış coğrafiyasına gəlincə, Lamborghini avtomobillərinin təxminən üçdə biri ABŞ-a (üç min ədəd) göndərilib. İkinci və üçüncü yerləri Almaniya və Çin tutur - müvafiq olaraq 961 və 845 avtomobil. İtalyan superkarlarına olan tələbat bütün bölgələrdə artıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.