Lamborghini şirkəti Urus krossoverini qar üzərində drift edərkən çəkilmiş video görüntülərini dərc edib. Bu videoçarxda krossoverin idarəetmə elektronikasının altı rejimi - Strada (şosse) Sport (idman), Corsa (yarış), Sabbia (qumluq), Terra (torpaq) və Neve (qar), - haqqında söhbət açılır.
İtalyan markasının ilk krossoverinin təqdimatı 4 dekabr tarixində Sant’Aqata Bolonyezedə keçiriləcəkdir. Bu mərasimdə Autograph dərgisini onun baş redaktoru Natiq Zəırbəliyevin təmsil edəcəkdir. Yeni krossoverin əsas satış bazarları ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Yaxın Şərq ölkələri olacaqdır.
İspan öküzlərinin qədim növünün şərəfinə Urus adlandırılmış krossover Bentley Bentayga, Audi Q7 və Porsche Cayenne modellərinin istehsalında istifadə edilən MQB modul platformasında inşa edilib. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilib.
2018-ci ilin yazında satışına start veriləcək “bərkgedən” italyan krossoverinin satış qiymətləri 180 min avrodan (360 min manat) başlanacaqdır.
İtalyan istehsalçısının bildirdiyinə görə, avtomobilin seriya modeli əvvəllər göstərilmiş Lamborghini Urus Concept modelinin dizayn üslubunda görünüşə malik olacaqdır. Lakin, seriya modelinin ön və arxa hissəsinin dizaynı konseptdən bir qədər fərqlənəcəkdir.
İtalyan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, krossover gündəlik istismar üçün nəzərdə tutulur və ildə 3000 ədədlik tirajla istehsal ediləcəkdir.