Lamborghini şirkətinin mühəndisləri Urus krossoverinin yaradılması zamanı əldə etdikləri təcrübə və səriştələri Huracan Sterrato şou-karının hazırlanmasında istifadə ediblər. Mahiyyətcə, yeni konsept superkar və krossoverin calağıdır desək, yanılmarıq. Yəni, konsept klassikaya çevrilmiş Mega Track modelinin müasir təfsiridir.
Lamborghini Huracan Sterrato konsepti 640 at qüvvəsi hasil edən 5,2-litrlik V10 mühərriki ilə təchiz olunmuş Huracan EVO superkarının bazasında inşa edilib. Sterrato sözü italyancadan tərcümədə «torpaq yol» deməkdir ki, bu da konseptin təyinatından xəbər verir. Konseptin bort sistemləri, o cümlədən tamidarələnən şassisi, modifikasiya edilmiş asqısı və dartma vektoruna nəzarət sistemi prediktiv iş məntiqinə malik olan firma Lamborghini Dinamica Veicolo Integrata sistemi tərəfindən tənzimlənir. Blok yolsuzluqda hərəkəti təmin edən xüsusi tənzimləmərə sahibdir.
Huracan Sterrato modelinin klirensi 47 millimetr, giriş-çıxış bucaqları isə, müvafiq olaraq 1 və 6,5 faiz artırılıb. Kupe altlığın və kandarların alüminiumdan müdafiəsinə, kabon və elastik rezinin qarışığından hazırlanmış palçıqlıqlara, həmçinin mühərrik bölümünün və hava girişlərinin ətrafını haşiyələndirən kompozit əlavələrə sahib olub. Superkarın salonunda titandan karkas, dördnöqtəli kəmərlər, ikibölməli karbon oturacaqlar və alüminiumdan döşəmə panelləri quraşdırılıb.
«Huracan Sterrato Lamborghini şirkətinin gələcəyi formalaşdırmaq cəhdini nümayiş etdirir, - italyan markasının tədqiqatlar və işləmələr şöbəsinin rəhbəri Maurisio Recani bildirib. - Yolsuzluq imkanlarına malik olan superkar idarəetmədən ləzzət almaq üçün daha bir qapı açır».