Lamborghini yeni Temerario modelinin İtaliya moda ənənələrindən ilham alan iki xüsusi Ad Personam versiyasını təqdim edib. Qudvud Sürət Festivalında nümayiş etdirilən avtomobillər göstərir ki, Sant'Aqata Bolonyeze istehsalçısı üçün fərdiləşdirmə artıq sadəcə rəng və material seçimi deyil, avtomobili sənət əsərinə çevirməyin bir yoludur.
Layihənin əsas ideyası yüksək moda ilə avtomobil dizaynını bir araya gətirməkdir. Kuzov üzərindəki incə qrafik xətlər dizaynerlərin ilkin eskizlərini xatırladır və Temerario-nun kəskin siluetini daha qabarıq göstərir. Xüsusi versiyalardan biri Grigio Crater Matt boz, digəri isə Celeste Fedra mavi rənginə boyanıb. Hər iki avtomobil seçilən elementlər və əl işi dekorativ detallar sayəsində fərqli xarakter qazanıb.
İnteryerdə də eyni yanaşma davam etdirilib. Lamborghini tarixində ilk dəfə olaraq salonun bəzi elementlərində yun materialdan istifadə olunub. Qapı panellərində, arxa hissədə və tavan üzlüyündə tətbiq edilən zolaqlı "Gessato" naxışı klassik italyan kişi kostyumlarından ilham alıb. Digər versiyada isə avtomobilin texnoloji xarakterini vurğulayan Corsa Tex by Dinamica materialına üstünlük verilib.
Texniki baxımdan dəyişiklik yoxdur. Hər iki Temerario 4,0 litrlik iki turbokompressorlu V8 mühərriki və üç elektrik mühərrikindən ibarət hibrid güc qurğusu ilə təchiz edilib. Sistem ümumilikdə 907 at qüvvəsi hasil edir və superkar 0–100 km/saat sürətlənməsini cəmi 2,7 saniyəyə tamamlayır.
Bu iki xüsusi avtomobil Lamborghini-nin Ad Personam proqramının imkanlarını nümayiş etdirir. İtalyanlar isə uzun illərdir avtomobili sadəcə nəqliyyat vasitəsi deyil, həyat tərzinin ayrılmaz hissəsi kimi görürlər. Temerario Ad Personam bu yanaşmanın növbəti təzahürüdür – burada mühəndislik, dizayn və yüksək moda eyni avtomobildə qovuşur.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









