Lamborghini Temerario ailəsinin yeni üzvünü – Spyder versiyasını təqdim edib. Açıq kuzovlu superkar 907 at gücünə malik hibrid güc aqreqatı, qatlanan sərt damı və diqqətçəkən mühəndislik həlli ilə seçilir. Maraqlıdır ki, yeni dam konstruksiyası avtomobilin idarəetmə xüsusiyyətlərini qorumaqla yanaşı, ağırlıq mərkəzinin daha da aşağı salınmasına imkan verir.

Temerario Spyder-in əsas yeniliyi damın qatlanma mexanizmidir. Lamborghini ənənəvi üsuldan fərqli olaraq, sərt damı arxaya və ya mühərrik bölməsinin altına yığmır. Dam şaquli istiqamətdə, oturacaqların arxasında yerləşən xüsusi bölməyə endirilir.

Bu həll sayəsində avtomobilin ağırlıq mərkəzi kupe versiyası ilə müqayisədə 3 millimetr aşağı düşür. Üstəlik, ağırlıq mərkəzinin arxaya doğru yerdəyişməsi baş vermir.

Müqayisə üçün, ənənəvi qatlanan dam mexanizmləri ağırlıq mərkəzini 7 millimetr yüksəldə və 11 millimetr arxaya çəkə bilər. Lamborghini hesab edir ki, seçilmiş konstruksiya Temerario Spyder-in kupe versiyasına xas idarəetmə xüsusiyyətlərini qorumağa imkan verir.

Dam elektrik ötürücüləri vasitəsilə səssiz şəkildə açılıb-bağlanır və bu prosesi avtomobil saatda 50 kilometrədək sürətlə hərəkət edərkən də yerinə yetirmək mümkündür. 

Sərt damın istifadəsi sayəsində Spyder kupe ilə eyni siluet və kuzov proporsiyalarını, eləcə də salonun akustik rahatlığını qoruyur. Soyuq havalarda isə sürücünün və sərnişinin boyun nahiyəsini qızdıran sistem 45 dərəcəyədək istilik təmin edir.

Temerario Spyder-in güc aqreqatı kupe versiyasından götürülüb. Burada 4,0-litrlik V8 biturbo mühərriki üç elektrik mühərriki ilə birlikdə çalışır. Hibrid sistemin ümumi hasilatı 907 at gücü və 800 Nm təşkil edir. V8 mühərrikinin maksimal dövrlər həddi 10 000, Launch Control aktivləşdirildikdə isə qısa müddətə 10 250 dövr/dəqiqə təşkil edir.

Superkar 0-dan 100 km/saata 2,8 saniyəyə sürətlənir, maksimal sürəti isə 343 km/saatdır. Açıq damla hərəkət zamanı mühərrikin səsini daha yaxşı eşitmək istəyənlər üçün Akrapovič tərəfindən hazırlanmış titan buraxılış sistemi də təklif olunur. Bu sistem aşağı dövrlərdə daha dərin, yüksək dövrlərdə isə daha kəskin səs tembri yaratmaq üçün nəzərdə tutulub.

Temerario Spyder üçün yüngülləşdirilmiş Alleggerita paketi də əlçatandır. Bu versiyada ön splitter, mühərrik bölməsinin qapağı, altlıq panelləri və yan ətəklər karbonplastikdən hazırlanır. Salonda qapı panellərində və sərnişinin ayaqaltısında da karbon elementlərindən istifadə edilir. Əlavə karbon disklər isə təkərlərin ressoraltı kütləsini azaltmağa kömək edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lamborghini-nin məlumatına görə, Spyder versiyasının qiyməti kupe ilə müqayisədə təxminən 3 faiz yüksək olacaq. Adətən markanın açıq kuzovlu modelləri ümumi satışların 40 faizini təşkil edir, lakin şirkət Temerario Spyder-in kupe versiyası ilə eyni səviyyədə, hətta ondan daha çox satıla biləcəyini düşünür.

Temerario Spyder Lamborghini-nin açıq kuzovlu idman avtomobilləri ənənəsini davam etdirir. Bu xəttin tarixi 1976-cı ildə təqdim edilən Silhouette modelinə qədər uzanır. Yeni Spyder isə müasir hibrid texnologiyasını klassik açıq hava sürüşü təcrübəsi ilə birləşdirməyə çalışır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.