Lamborghini yeni superkarının təqdimat tarixini açıqlayıb. Noyabrın 18-də Los-Ancelesdə keçiriləcək tədbirdə nümayiş etdiriləcək yeniliyin açıq kuzovlu Temerario Spyder olması gözlənilir. İstehsalçı hələlik modelin adını və texniki xüsusiyyətlərini təsdiqləməyib, lakin yayımlanan tizer məhz bu versiyaya işarə edir.

Temerario Spyder kupe modelinin ilk açıq kuzovlu modifikasiyası olacaq. Lamborghini-nin sonuncu V8 mühərrikli açıq avtomobili 1988-ci ildə təqdim edilmiş Jalpa idi. Sonrakı illərdə markanın kabriolet modelləri əsasən V10 və V12 mühərrikləri ilə təklif olunub.

Yeni Spyder-in texniki göstəriciləri hələlik açıqlanmasa da, baza modelinin xüsusiyyətləri məlumdur. Temerario kupe iki turbokompressorlu 4,0-litrlik V8 mühərriki və üç elektrik mühərrikindən ibarət hibrid güc qurğusu ilə təchiz edilib. Sistemin ümumi hasilatı 907 at gücü dür. Avtomobil 0-dan 100 km/saata 2,7 saniyəyə sürətlənir və 343 km/saat maksimal sürət yığır.

Açıq kuzovlu versiyanın konstruksiyasında damın çıxarılması səbəbindən əlavə gücləndirmələrə ehtiyac yaranacaq. Bu isə Spyder-in kupe ilə müqayisədə bir qədər ağır olacağı deməkdir. Damın elektrik mexanizmi ilə təxminən 17 saniyəyə açılıb-bağlanacağı gözlənilir.

Çəki artımı sürətlənmə göstəricisinə də təsir edə bilər. İlkin ehtimallara görə, Spyder 100 km/saata 2,7–2,8 saniyəyə sürətlənəcək. Lakin onun maksimal sürəti hələlik məlum deyil.

Bütün suallara noyabrın 18-də keçiriləcək təqdimatda aydınlıq gələcək. Lamborghini-nin yeni açıq superkarı ilə bağlı əsas maraq isə dam mexanizmi, əlavə çəki və performans göstəricilərinin necə dəyişəcəyi ətrafında cəmlənir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.