Bir müddət bundan öncə Automobili Lamborghini S.p.A. şirkətinin Urus modelinə öncədən sifarişləri qəbul etməyə başladığını bildirmişdik. Qeyd etmək lazımdır ki, Lamborghini Urus modelinin seriya variantı hələ də təqdim edilməmişdir.
2018-ci ilin yazında satışına başlanacaq “bərkgedən” italyan krossoverinin satış qiymətləri 180 min avrodan (360 min manat) başlanacaqdır. İtalyan istehsalçısının bildirdiyinə görə, avtomobilin seriya modeli əvvəllər göstərilmiş Lamborghini Urus Concept modelinin dizayn üslubunda görünüşə malik olacaqdır.
Lakin, seriya modelinin ön və arxa hissəsinin dizaynı konseptdən bir qədər fərqlənəcəkdir. Eyni zamanda, insayderlər yeni avtomobilə böyük marağın olduğunu bildirsələr də, qəbul edilmiş sifarişlərin sayı barədə məlumat vermək imtina etmişdirlər. Çox güman ki, Urus modelinin seriya variantı bu ilin payızında keçiriləcək Frankfurt avtosalonunda təqdim ediləcəkdir. İtalyan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, krossover gündəlik istismar üçün nəzərdə tutulur və ildə 3000 ədədlik tirajla istehsal ediləcəkdir.
Yeni avtomobilin əsasını Bentley Bentayga və Audi Q7 modellərinin istehsalında istifadə edilən MQB modul platforması təşkil edəcəkdir. Əvvəllər yeni krossover 600 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilsə də, bu günlərdə markanın rəhbərliyi mühərrikin gücünün 650 at qüvvəsi olacağını bildirmişdir.