Lamborghini Urus superkrossoverinin tezliklə beş yaşı tamam olacaqdır, lakin bu müddət ərzində o, yeganə versiyada buraxılıb. Yalnız indi onun ilk yeni variantı peyda olub - bu, “bərkgedən” Lamborghini Urus Performante modifikasiyasıdır.
Bu italyan krossoverinin nə restaylinqi, nə də ki, planlaşdırılan modernləşdirilməsidir - yeni versiya daha ekstremal və drayver modifikasiyasıdır. Üstəlik, Urus Performante təkcə asfalt yollar üçün təcnizmlənməyib.
Məhz Performante indeksli krossover bu yaxınlarda Payks Pik dağ yolunda (ABŞ) krossoverlər arasında yeni rekorda imza atıb. Pilot Simone Facolinin idarə etdiyi krossover 20 kilometrlik məsafəni 10 dəqiqə 32,064 saniyəyə qət edərək, dəniz səviyyəsindən 2862 metr hündürlükdə olan nöqtədən 4302 metr yüksəkliyə qalxıb.
Lamborghunu Urus Performante eyni platformanı bölüşdüyü Bentley Bentayga krossoverinin 2018-ci ildə əldə etdiyi nəticəni 17,8 saniyə yaxşılaşdırılıb. İndi isə, yeni rekordun sahibinə kamuflyajsız baxıb, onun texniki detalları ilə tanış ola bilərik.
Ciddi dəyişiklik baş verməsə də, ilk növbədə krossoverin təchiz olunduğu 4,0-litrlik V8 biturbo mühərriki barədə məlumat verək. Mühərrikin gücü simvolik olaraq 650-dən 666 at qüvvəsinə qədər artırılıb (Çində bəzi sertifikatlaşdırma səbəbləri ilə mühərrikin gücü 640 at qüvvəsi olacaqdır).
İstənilən halda fırlanma anı dəyişilməz qalır - 850 Nm. Səkkiz pilləli “avtomat” da standartdır, lakin mərkəzi Torsen diferensialı fırlanma anının oxlar üzrə paylanmasına yenidən baxılıb. Mövcud hərəkət rejimləri (Strada, Sport və Corsa) yenidən tənizmlənib, qarlı yollar üçün nəzərdə tutulmuş Neve rejiminin əvəzinə isə, Rally rejimi (torpaq yollar üçün) peyda olub.
Asqıda adaptiv amortizatorlar və aktiv dayanıqlılıq stabilizatorları qorunub saxlanılıb, lakin pnevmodayaqların əvəzinə adi yaylar quraşdırılıb. Şassi 16 millimetr genişlənmiş təkər izinə və 20 millimetr azaldılmış klirensə malik olub. Sükan idarəetməsi və dönən arxa təkərlərin mexanizlərmi yenidən sazlanıblar: indi krossover sükana daha kəskin reaksiya verir.
22-düymlük standart təkər diskləri (adi versiyada - 21-düymlük) titan boltlar ilə bərkidilirlər. Standart Pirelli P Zero şinləri ilə yanaşı, Pirelli P Zero Trofeo R yarımsliklərini (uyğunlaşdırılmış xüsusi versiyada) sifariş etmək mümkündür! Yeni Urus Performante belə zavod opsiyasına malik olan ilk krossoverdir və Payks Pikin rekordu məhz yarımsliklərdə qeydə alınıb.
Kuzovun strukturunda karbon lifindən istifadə genişləndirilib: yeni kapot, ön bamper, təkər tağlarının genişləndiriciləri, arxa diffuzor və digər hissələr karbonplastikdən hazırlanıb, əlavə ödəniş qarşılığında isə, karbon damı da sifariş etmək olar.
Beşinci qapının yuxarısındakı yeni spoyler standartdan 38% daha çox yerəbasma qüvvəsi hasil edir, avtomobilə təsir edən ümumi yerəbasma qüvvəsi isə, 8% artıb.
Dəyişdirilmiş aerodinamik dayaq Urus Performante krossoverini baza modeldən 25 millimetr uzun və 10 millimetr enli edib. Krossoverin boş çəkisi 47 kiloqram azalıb, baxmayaraq ki, bu da, ilkin kəmiyyətin yalnız iki faizini təşkil edir.
Urus Performante yeni versiyasının çəkisi 2150 kiloqramdır. Akrapovič titan buraxılış sistemi də bu “pəhrizə” öz töhfəsini verib. Salonda - alkantara üzlüklər (dəri əlavə ödənişlədir), habelə cihazlar paneli və media sisteminin yeni qrafikası var.
Nəticədə Lamborghini Urus Performante modelinin standart krossover ilə müqayiəsədə 100 km/saat sürətlənməsi 3,6-dan 3,3 saniyəyə, 200 km/saata sürətlənmə vaxtı 12,8-dən 11,5 saniyəyə endirilib, maksimal sürət isə, simvolik olaraq 305-dən 306 km/saata aartırılıb.
Doğma İtaliyada Performante versiyasının qiyməti 215 min dollardan başlayacaqdır. Amma iş bununla da bitmir: Lamborghini bu il Urus modelinin iki yeni versiyasının təqdim olunacağını bildirmişdi, ona görə də, daha bir yenilik yoldadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.