Superkarlar istehsalçısı kimi məşhurlaşan Lamborghini şirkəti hibrid güc aqreqatı ilə təchiz edilmiş avtomobillər buraxmaq fikrindən uzaq olduğunu bəyan etmişdir. Bununla belə, italyan istehsalçısı 2018-ci ildə istehsalına start veriləcək Lamborghini Urus krossoverini hibrid modifikasiyada təklif etmək niyyətindədir.
Bu barədə məlumatı, xarici KİV-lərə Lamborghini şirkətinin tədqiqatlar bölümünün rəhbəri Maurisio Reciani vermişdir. Beləliklə, italyan markasının ilk krossoveri olacaq Urus modeli Lamborghini şirkətinin tarixində olan yeganə hibrid avtomobili olacaqdır. Lamborghini Urus modeli hibrid güc aqreqatı ilə yanaşı 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə də təchiz ediləcəkdir. Lamborghini şirkətinin nümayəndəsi krossoverin yüksək fırlanma anına ehtiyacı olduğunu və bunun üçün də turboüfürmənin mövcud olmasını vurğulamışdır. Eyni zamanda o, buraxılacaq Lamborghini superkarlarının yalnız atmosfer tipli mühərriklərlə təchiz ediləcəyini bildirmişdir.