Lamborghini şirkəti Urus krossoverinə həsr olunmuş növbəti videoçarxı yayıb. Bu çarxda Corsa (yarış) rejiminin fəaliyyəti və interyerin bəzi elementləri təsvir edilib. Yeri gəlmişkən, multimedia sisteminin ekranında avtomobilin kamuflyajsız halı təsvir edilibdir.
Bundan başqa, çarxda Bang&Olufsen səs sisteminin dinamikləri, ötürmələr qutusunun selektoru, arxitekturası A8 bayraqdar sedanına bənzəyən mərkəzi konsol görüntülənib. Artıq məlum olduğu kimi, Lamborghini Urus krossoverin idarəetmə elektronikasının altı - Strada (şosse) Sport (idman), Corsa (yarış), Sabbia (qumluq), Terra (torpaq) və Neve (qar), - rejiimə malik olacaqdır.
İtalyan markasının ilk krossoverinin təqdimatı 4 dekabr tarixində Sant’Aqata Bolonyezedə keçiriləcəkdir.
Bu mərasimdə Autograph dərgisini onun baş redaktoru Natiq Zəırbəliyevin təmsil edəcəkdir. Yeni krossoverin əsas satış bazarları ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Yaxın Şərq ölkələri olacaqdır.
İspan öküzlərinin qədim növünün şərəfinə Urus adlandırılmış krossover Bentley Bentayga, Audi Q7 və Porsche Cayenne modellərinin istehsalında istifadə edilən MQB modul platformasında inşa edilib. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilib.
2018-ci ilin yazında satışına start veriləcək “bərkgedən” italyan krossoverinin satış qiymətləri 180 min avrodan (360 min manat) başlanacaqdır.
İtalyan istehsalçısının bildirdiyinə görə, avtomobilin seriya modeli əvvəllər göstərilmiş Lamborghini Urus Concept modelinin dizayn üslubunda görünüşə malik olacaqdır. Lakin, seriya modelinin ön və arxa hissəsinin dizaynı konseptdən bir qədər fərqlənəcəkdir.
İtalyan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, krossover gündəlik istismar üçün nəzərdə tutulur və ildə 3000 ədədlik tirajla istehsal ediləcəkdir.