Lamborghini şirkəti Urus krossoverinə həsr olunmuş sonuncui video tizeri yayıb. Bu çarxda istehsalçının rəhbəri Stefano Domenikalli yeni krossover haqqında söhbət açıb. Həmçinin, video görüntülərdə yığılma prosesində olan krossoverlərin kuzovları nümayiş etdirilir.
Xatırladaq ki, Lamborghini markasının ilk krossoveri olan Urus modelinin təqdimatı bu gün Sant'Aqata Bolonyezedə keçiriləcəkdir. İspan öküzlərinin qədim növünün şərəfinə Urus adlandırılmış krossover Bentley Bentayga, Audi Q7 və Porsche Cayenne modellərinin istehsalında istifadə edilən MQB modul platformasında inşa edilib. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilib.
2018-ci ilin yazında satışına start veriləcək “bərkgedən” italyan krossoverinin satış qiymətləri 180 min avrodan (360 min manat) başlanacaqdır.
İtalyan istehsalçısının bildirdiyinə görə, avtomobilin seriya modeli əvvəllər göstərilmiş Lamborghini Urus Concept modelinin dizayn üslubunda görünüşə malik olacaqdır. Lakin, seriya modelinin ön və arxa hissəsinin dizaynı konseptdən bir qədər fərqlənəcəkdir.
İtalyan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, krossover gündəlik istismar üçün nəzərdə tutulur və ildə 3000 ədədlik tirajla istehsal ediləcəkdir.