Lamborghini şirkəti Urus krossoverinin varisi olan Urus S modelini təqdim edib. Mahiyyətcə bunu yüngül restaylinq saymaq olar/ Yeni krossoverdəki mühərrik ekstremal Urus Performante modelindəki ilə eyni göstəricilərə malikdir.
Urus S modeli yeni bamperlərə, ön tərəfdəki qoruyucu lövhəyə və genişləndirilmiş opsiyalar siyahısına sahib olub. Sonuncuya yeni tərtibat və dekorasiya variantları, həmçinin yeni təkər diskləri daxildir. Beləliklə, indi italyan krossoverinin modifikasiya çeşidində yalnız Urus S və Urus Performante versiyaları var.
Bir çox cəhətdən yeni Lamborghini Urus S modeli ekstremal Urus Performante versiyasını təkrarlayır. Urus S modelinin kapotunun altındakı 4,0-litrlik V8 biturbo mühərriki eyni 666 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir.
Buna baxmayaraq, iki krossoverin ilk “yüzlüyə” sürətlənmə dinamikası fərqlidir: Urus Performante bu işə 3,3 saniyəyə, Urus S isə 3,5 saniyə sərf edir. Eyni zamanda, maksimum sürət həddi adi Urus modelində olduğu kimi qalıb - 305 km/saat.
Urus S modelində güc aqreqatının tənzimlənməsi Performante versiyasındakı ilə eynidir, lakin buraxılış sistemi fərqli şəkildə köklənib. Asqının sərtliyi və mexatronikanın iş rejimləri Tamburo açarı ilə tənzimlənir.
Yeddi hərəkət rejimi var: Strada (yol), Sport, Corsa (yarış), Sabbia (qum), Terra (torpaq) və Neve (qar) və fərdiləşdirilən Ego. Bu baxımdan yeni Urus S əvvəlki Urus modelindən heç də fərqlənmir.
Məlum məsələdir ki, krossover bir qədər dəyişdirilmiş eksteryer dizaynına sahib olub. O, yeni bamperləri alıb, boyanmış paslanmayan poladdan hazırlanmış müdafiə lövhəsi və havalandırma dəlikləri olan yeni karbon kapot standart təchizata daxil edilib.
Buraxılış sisteminin çıxış borularının formasına da yenidən baxılıb, opsiyalar siyahısına yeni təkər diskləri əlavə edilib, interyerin rəng birləşmələrinin və daxili dekorasiya elementlərinin siyahısı genişləndirilib.
Krossoverin təchizatına “bulud” naviqasiyası və firma Lamborghini Unica tətbiqi vasitəsilə həyata keçirilən avtomatik parklanma funksiyası daxildir. Bundan əlavə, media sisteminin smart saatlarla daha sıx inteqrasiya malik olduğu elan edilib.
Avropada Lamborghini Urus S modelinin satış qiymətləri 195 538 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.