Lamborghini şirkəti Sant’Aqata Bolonyezedəki zavodundakı yeni konveyer xəttinin fotoşəkillərini dərc edib. Bu təsvirlərin birində italyan markasının ilk krossoveri olan Urus modeli yarısökülmüş halda qaldırıcıda durduğunu görmək mümkündür.
Fotoşəkildə arxa qapı yerini, arxa asqının, səsboğucu və əyləc sistemlərinin elementlərini aydın görünür. Bundan başqa, yayılan videoçarxda modelin, demək olar ki, yığılmış nüsxələrini də görmək olar. Lakin, görüntülər aydın deyildir və detalları görmək olmur.
lkin məlumatlara görə, yeni krossover Bentley Bentayga, Audi Q7 və Porsche Cayenne modellərinin istehsalında istifadə edilən MQB modul platformasında inşa edilib. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilib.
2018-ci ilin yazında satışına start veriləcək “bərkgedən” italyan krossoverinin satış qiymətləri 180 min avrodan (360 min manat) başlanacaqdır. İtalyan istehsalçısının bildirdiyinə görə, avtomobilin seriya modeli əvvəllər göstərilmiş Lamborghini Urus Concept modelinin dizayn üslubunda görünüşə malik olacaqdır. Lakin, seriya modelinin ön və arxa hissəsinin dizaynı konseptdən bir qədər fərqlənəcəkdir. Eyni zamanda, insayderlər yeni avtomobilə böyük marağın olduğunu bildirsələr də, qəbul edilmiş sifarişlərin sayı barədə məlumat vermək imtina ediblər.
İtalyan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, krossover gündəlik istismar üçün nəzərdə tutulur və ildə 3000 ədədlik tirajla istehsal ediləcəkdir. Lamborghini Urus modeli 4 dekabr tarixində Sant'Aqata Bolonyezedə təqdim ediləcəkdir.