Dörd il əvvəl Lamborghini Urus krossoveri ekstremal Performante versiyasını əldə edib, 2024-cü ildə isə, krossoverin modifikasiya çeşidinə SE indeksini almış plagin hibrid versiyası əlavə olunub. İndi isə, Lamborghini şirkətinin ən populyar modelinin çeşidi SE Performante modifikasiyası ilə genişləndirilib.
Adından da göründüyü kimi, bu versiya yuxarıda adı çəkilən iki versiyanın birləşməsidir. Eyni zamanda, Urus SE Performante modifikasiya çeşidindəki ən güclü və ən sürətli avtomobildir.
Yeni Urus SE Performante krossoveri standart hibrid versiya ilə eyni güc qurğusunu bölüşür. Kapotun altında 4,0-litrlik V8 biturbo mühərriki yerləşir və ona səkkiz pilləli avtomatik transmissiyaya inteqrasiya olunmuş elektrik mühərriki kömək edir.
Performante əlavəsinin haqqını vermək üçün hibrid qurğunun hasilatı 800 at qüvvəsi və 950 Nm-dən 812 at qüvvəsi və 1000 Nm-ə qədər artırılıb. Müqayisə üçün, hibrid sistemi olmayan adi Performante versiyası 666 at qüvvəsi və 850 Nm fırlanma anına malikdir.
Güc baxımından nəzərəçarpacaq artıma baxmayaraq, Urus SE Performante 0-dan 100 km/saat həddinə 3,3 saniyəyə sürətlənir ki, bu da sırf benzinlə işləyən versiya ilə eynidir və adi hibriddən yalnız 0,1 saniyə daha yeyindir.
Bununla belə, hər iki hibrid versiyanın maksimal sürəti daha yüksəkdir — 312 km/saat, halbuki benzin versiyasında bu göstərici 306 km/saatdır. Dinamikadakı cüzi fərqin əsas səbəbi avtomobilin çəkisinin 2150-dən 2473 kiloqrama qədər artmasıdır.
Bu artımın əsas hissəsini 25,9 kilovat/saat tutumlu dartma batareyası təşkil edir. Bu batareya təmiz elektrik rejimində 60 kilometr məsafə qət etməyə imkan verir. Bununla belə, Lamborghini mühəndisləri artıq çəkini azaltmağa çalışıblar.
Bunun üçün titandan hazırlanmış buraxılış sistemi və karbondan hazırlanmış kuzov dəsti tətbiq olunub. Kapot, təkər tağlarının genişləndiriciləri, ön və arxa bamperlər karbonplastikdən hazırlanıb.
Salonun geniş karbon dekorasiyası da çəkini azaltmağa kömək edib. Lakin bütün bu tədbirlərə baxmayaraq, adi SE hibrid ilə müqayisədə çəkini cəmi 32 kiloqram azaltmaq mümkün olub. Bununla yanaşı aerodinamika da təkmilləşdirilib: hava müqaviməti 3% azalıb, yerəsıxma qüvvəsi isə 23% artıb. Əlavə olaraq əyləclərin soyudulması 8% yaxşılaşdırılıb.
Lamborghini Urus SE Performante ikikameralı AURA balonları olan pnevmoasqı ilə təchiz edilir (adi Performante versiyasında yaylı sistem var). Bunun nəticəsində döngələrdə kuzovun yana əyilmələri 50% azalıb, salona ötürülən vibrasiyalar isə, 25% aşağı düşüb.
Təkər izi 16 millimetr genişləndirilib, çınqıllı və torpaqlı yollar üçün isə, xüsusi Rally hərəkət rejimi əlavə olunub.
Lamborghini Urus SE Performante krossoverinin satışa çıxma tarixi və qiyməti hələlik açıqlanmayıb. Böyük ehtimalla, ekstremal krossover gələn ilin əvvəlində dilerlərə çatdırılacaq və onun qiyməti təxminən 300 min dollardan başlayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









