Lamborghini şirkəti Gran Turismo oyunu üçün hazırladığı biryerli virtual hiperkarı təqdim edib. Lamborghini V12 Vision Gran Turismo adını almış hiperkar qeyr-adi eksteryeri və interyeri ilə seçilir. Virtual oyun üçün hazırlanmış “Lambo” hiperkarı Sian superkarından götürülmşü hibrid güc qurğusuna malikdir.
Virtual hiperkarı hazırlayan Lamborghini dizaynerləri xəyallarını heç nə ilə məhdudlaşdırmayıblar. Hiperkar açıq asqıya, LED liflərdən hazırlanmış işıq texnikasına, son dərəcədə kompromissiz aerodinamik dayağa və qırıcı təyyarənin kabinasını xatırladan kokpitə sahibdir. Yan şüşələnmənin forması 1968-ci ilin Marzal konseptinə işarə edir.
Virtual hiperkarın idarəetmə orqanları coystik-sükanda yerləşir. Əlavə məlumat isə şturvalın mərkəzindəki displeydə əks etdirilir. Virtual cihazın kənarlarında yanacağın səviyyəsi və yağın temperaturu, aşağı hissəsində isə hərəkət rejimləri əks olunur. Əsas hərəkət xarakteristikaları isə başqa proyeksiya displeyində əks etdirilir.
Lamborghini şirkəti virtual hiperkarın virtual treklərdəki xarakteristikalarını açıqlamasa da, oyunçular 820 at qüvvəsindən istifadə edə bilələr. Beləliklə, virtual hiperkar yerindən 100 km/saat həddinə ən azı 2,8 saniyəyə sürətlənir. Maksimal sürət həddi isə 350 km/saatın üzərində olmalıdır.
Virtual hiperkar oyunçuların ixtiyarına gələn ilin yazında veriləcəkdir. Virtual hiperkarı sınaqdan keçirmək üçün PlayStation 4 üçün Gran Turismo Sport oyununu əldə etmək gərəkdir.