Lamborghini yeni ticarət nişanını - Revuelto adını qeydiyyatdan keçirib, bu söz ispan dilindən “qarışdırılmış” və ya “çırpılmış” kimi tərcümə oluna bilər. Mayın 25-də Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə edilən müraciətə görə, yeni ad “avtomobil və ya elektromobilə” veriləcəkdir. Bu, gələn ildən diqqətini elektrikləşdirilmiş güc qurğusu ilə təchiz olunmuş avtomobillərə yönəltməyi planlaşdıran Sant'Aqata Bolonyeze markasının ilk batareyalı superkarı ola bilər.

İtalyan markasına Revuelto adı altında avtomobillərdən başqa, elektron komponentləri və proqram təminatını, geyim və miqyaslı modelləri buraxmağa icazə verilib.

Yeni tamölçülü avtomobilin necə olacağı hələlik aydın deyil. Lamborghini növbəti ili hibrid superkarlarına həsr edəcəkdir. Bununla belə, Revuelto adı elektrokara da verilə bilər: belə müddəa italyan brendinin planlarında da var, lakin əvvəllər elektromobilin təqdimatının 2028-ci ildə keçiriləcəyi bildirilmişdi.

Əgər Revuelto elektromobili olarsa, o, Audi və Porsche şirkətlərinin premium elektromobillər üçün hazırladıqları Premium Platform Electric (PPE) platformasına əsaslana bilər. Bu platforma 2023-cü ildə Audi A6 e-tron elektrik sedanında debüt edəcək, daha sonra isə, onu Porsche Macan krossoverinin elektrik versiyası alacaqdır.

Yeni modelin form-faktoruna gəlincə, onun 2+2 oturacaq düsturuna malik olan dördyerlik salonu alacağı məlumdur. 2019-cu ildə Lamborghini markasının keçmiş rəhbəri Stefano Domenikali italyan istehsalçısının dördüncü modelinin 2+2 oturacaq düsturlu Gran Turismo olacağını bildirmişdi. 

Bəlkə də, söhbət 2008-ci ildə nümayiş etdirilən Estoque konseptinin əmtəə təcəssümündən gedir. O, 2011-ci ildə seriyaya getməli idi, lakin layihə qeyri-müəyyən müddətə təxirə salındı və bu günə qədər bu layihə barədə heç bir məlumat yoxdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.