Bu gün Lamborghini şirkəti Kembricdə keçiriləcək EmTech konfransı çərçıvəsində Massaçusets texnologiya universiteti ilə birlikdə hazırladığı gələcəyin superkarını nümayiş etdirəcəkdir. 2022-ci ildə debüt edən superkar yüngül akkumulyatorlara malik olan və elektrik ötürməsi ilə hərəkət edə bilən yeni radikal güc qurğusunu əldə edəcəkdir.
İtalyanlar bu layihənin “üçüncü minilliyin superkarlarının əsaslarını” qoyacağını bildiriblər. İtalyan markasının səylərini yeni kompozit materialların, enerjinin alternativ mənbələrinin və yüksək tutumlu akkumulyatorların yaradılmasına yönəldiləcəyi gözlənilir.
Lamborghini şirkətinin tədqiqatlar və işləmələr bölümünün rəhbəri Maruisio Reggiani şirkətin yaxın dörd-beş il ərzində superkarların hibridləşdirilməsinin optimal yollarını tapmaq niyətində olduğunu bildirib. Reggiani hazırda hibrid texnologiyalarının lazımi qədər effektiv olmadığını qeyd edib. Onun fikrincə, hibrid superkar trekdə yavaş olmaqla bərabər, adi superkara nisbətən az dövrə vuracaqdır.
Lamborghini şirkətinin hibrid güc qurğusu ilə təchiz edilən ilk avtomobilinin 4 dekabr tarixində debüt edəcək Urus krossoverinin olduğu bildirilib. Lamborghini Urus krossoveri Bentley Bentayga və Audi Q7 modellərinin istehsalında istifadə edilən modul platformasında inşa ediləcəkdir.