Lamborghini şirkəti Aventador superkarının yenilənmiş variantını təqdim etmişdir. “S” indeksinə sahib olmuş avtomobil yaxşılaşdırılmış aerodinamikaya, tam idarəolunan şassiyə və 740 at qüvvəli mühərrikə sahib olmuşdur.
Restaylinq keçmiş superkarı yeni kuzov dəsti və yeni aerodinamik elementlər sayəsində tanimaq olar. Lamborghini Aventador S modelinin ön bamperi sələfinin bamperinə nisbətən 130 faiz daha artıq yerəbasma gücü təklif edir. Tənzimlənən arxa spoyler də yerəbasma gücünün 50 faiz artırılmasını təmin etmişdir. Bundan başqa, yeni superkarı qapıların qurtaracağında olan genişlənmiş hava girişlərinə və mühərrikin yan tərəflərində olan yeni hava girişləri sayəsində ayırd etmək olar. Yenilənmiş superkar karbondan hazırlanmış monokoku qoruyub-saxlamış, həmçinin, yüksək sürətlərdə dayanıqlılığı və aşağı sürətlərdə manevr qabiliyyətini artıran tam idarəolunan şassi ilə təchiz edilir. Əlbəttə ki, yeni şassi arxa asmanın yenilənməsini də tələb etmişdir – Aventador S'in arxa amortizator və yayların tənzimləmələri dönən təkərlərə uyğun olaraq yenilənmişdirlər. Superkar eyni zamanda, stabilizasiya sisteminin yenilənmiş proqram təminatını və yenidən tənzimlənmiş tam çəkiş sistemini əldə etmişdir.
Artıq mühərrikin fırlanma anının 90 faizə qədəri arxa təkərlərə ötürülə bilər. Lamborghini Aventador S modelinin idarəetmə elektronikası da təkmilləşdirməyə məruz qalmışdır.
Strada, Sport və Corsa rejimlərinə mühərriki, transmissiya və asmanı ayrı-ayrılıqda tənzimləməyə imkan verən Ego rejimi əlavə edilmişdir. Superkarın 6,5-litrlik V12 mühərrikinin gücü 740 at qüvvəsi, fırlanma amı isə 690 Nm təşkil edir. Beləliklə, təkmilləşdirilmiş mühərrik əvvəlkindən 40 at qüvvəsi güclüdür. Buna qazların bölüşdürülməsi fazasının tənzimlənməsinin düzəldilməsi və daxil olmanın təkmilləşdirilməsi sayəsində nail olunmuşdur. Artıq mühərrikin qırmızı zonası 8300 dövr/dəqiqədən deyil 8500 dövr/dəqiqədən başlayır. Lamborghini Aventador S əvvəlki kimi 100 km/saat həddini 2,9 saniyəyə toplayır. 200 km/saat sürətini yığmağa 8,9 saniyə 300 km/saat üçün isə 24,5 saniyə tələb olunur.
Superkarın maksimal sürəti 350 km/saata bərabərdir. Superkarın satışlarına gələn il başlanacaqdır. Onun Avropadakı satış qiyməti 281555 avrodan başlayacaqdır ki, bu da restaylinqdən əvvəlkindən 25 min avro çoxdur.