Lamborghini şirkəti Huracan ailəsini yenilənməsini başa çatdırıb. Tamötürməli Evo kupesi keçən qışda debüt etmişdi, onun ardınca Spyder versiyası, bu ilin yanvar ayında isə, arxa ötürməli Huracan Evo RWD kupesi işıq üzü görüb. Məlum məsələdir ki, indi növbə arxa ötürməli Huracan Evo RWD Spyder modelinə çatıb.
Texniki cəhətdən rodster kupedən fərqlənmir. Rodsterin təchiz edildiyi 5,2-litrlik V10 atmosfer mühərriki 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 7-pilləli LDF "robotu" ilə tandemdə çalışır. Əvvəl olduğu kimi, superkar üç idarəetmə rejiminə malikdir: Strada (yol), Sport və Corsa (yarış). Lakin indi, elektronika Sport rejimində sürüşmələrə daha çox icazə verir.
Arxa ötürməli modelləri tamötürməli superkarlardan başqa ön splitter və dəyişdirilmiş arxa diffuzor fərqləndirir. Rodsterin yumşaq tavanı 50 km/saat həddinə qədər sürətlərdə elektrohidravlik ötürmənin köməyi ilə 17 saniyəyə açılıb-bağlanır. Bütün Huracan Evo modellərinin interyeri eynidır - mərkəzi konsolda 8,4-düymlük sensorlu ekran yerləşir. Bu ekrandan klimat-kontrolu, oturacaqları, telemetriyanı və avtomobilin digər ikinci dərəcəli funksiyalarını idarə etmək olar.
Yenilənmiş rosdterin çəkisi dəyişməyib - açıq kuzovlu versiya əvvəlki kimi 1509 kiloqram ağırlığındadır - yəni rodster kupedən 120 kiloqram ağırdır. Buna görə də, rodsterin dinamikası kupedən bir qədər zəifdir: açıq kuzovlu versiya 100 km/saata sürətlənməyə 3,5 saniyə (+0,2 saniyə), 200 km/saata isə, 9,6 saniyəyə (+0,3 saniyə) sərf edir. Huracan Evo RWD Spyder modelinin maksimal sürəti 324 km/saatdır.
Yenilənmiş Lamborghini Huracan Evo RWD Spyder modelinin satışlarına yayda start veriləcəkdir. Avropada arxa ötürməli rodsterin qiyməti 176 min avrodan başlayacaqdır. Bu kupe modelində olduğundan 17 min avro çoxdur. Eyni zamanda, qiyməti asanlıqla onun üçdə biri qədər artırmaq olar, çünki seçimlər arasında standart 19-düymlük disklərin əvəzləyəcək 20-düymlük təkər diskləri, karbon-saxsı əyləc mexanizmləri və ya geniş fərdiləşdirmə proqramı vardır.