Avtomobil istehsalatının tarixində nadir rast gəlinən avtomobilləri əldə etmək çox müşkül məsələlərdən biridir. Özüdə ki söhbət, dünya ralli yarışlarında iştirak üçün hazırlanan bənzəri olmayan bolidlərin omoloqasiyadan keçməsi üçün məhdud sayda hazırlanmış avtomobillərdən gedirsə. Bu gün sizləri bu qəbildən olan unikal bir avtomobillə tanış etmək istərdik. Onun adı Lancia 037 Stradale’dir. Avtomobilin yaranma tarixi olduqca maraqlıdır.
1980-ci illərin əvvəllərində Fiat konserni yenidən dünya rallisində iştirak etmək fikrinə düşür. Məlumdur ki, italyan konserninin tərkibinə daxil olan Lancia markası dünya rallisində görkəmli nəticələr əldə etmiş bir brend olmuşdu, həm də Lancia Delta İntegrale hetçbeki və Stratos kupesi sayəsində çoxsaylı uğurlara imza atmış bir avtomobil markası sayılırdı. Fiat konserni də bu markanın çempionatda olan nüfuzundan istifadə etmək üçün, Lacia komandasını yenidən dünya rallisinə qaytarmaq niyyətində idi. Təsadüfən də olsa, elə həmin il FİA dünya ralli çempionatında yeni «B» qrupunu təsis etmişdir.
Yeni təsis edilmiş «B» qrupu omoloqasiya sahəsində kifayər qədər liberal tələblərə malik idi və bu qrupda iştirak etmək istəyən istehsalçılardan, ralli bolidinin ümumi yollar üçün nəzərdə tutulmuş bənzərini 200 ədədlik tirajla buraxmaq tələb olunurdu. Bu tələblər də 1970-ci illərdə ralli trassalarında tüğyan edən Lancia Stratos əfsanəsinin yeni reinkarnasiyası olan Lancia 037 Rally avtomobilin yaradılmasına təkan verdi.
Döyüş rənglərinə boyanmış Lancia 037
Avtomobilin hazırlanmasına çox ciddi şəkildə yanaşılmışdı - onun dizaynının hazırlanması məşhur Pininfarina atelyesinə, texniki hissəsi üzərində çalışmalar isə, ralli avtomobillərinin hazırlanmasında böyük təcrübəsi olan Abarth firmasına tapşırılmışdı. Lancia 037 modeli Lancia Montecarlo avtomobilin motivləri əsasında hazırlanmışdır.
«037» modelinin kuzovunun konstruksiyası o zamanlar üçün inqilabi bir quruluşa malik olmuşdur ki, bu konstruksiya da həmin illərin güclü ralli bolidləri üçün bir konstantaya çevrilmişdir.: avtomobilin mərkəzi hissəsi poladdan hazırlanmış kokpiti xatırladır, ön və arxa hissələr isə borulardan hazırlanmış ramada bərkidilirdi.
Bu ramaya həmçinin mühərrik, asqının çərçivəsi, radiator, sürətlər qutusu və sairə aqreqatlar bərkidilirdi. Belə quruluş çəkiyə qənaət etməklə yanaşı digər bir böyük üstünlüyə malik idi - modul tərtibatı sayəsində avtomobilin sökülüb yenidən yığılmasına çox az vaxt tələb olunurdu.
Lancia 037 Rally dünya rallisində qalib gələn son arxadan çəkişli avtomobildir
Avtomobil 2,0-litrlik dörd silindirli turbomühərriklə hərəkətə gəlirdi ki, bu aqreqatın gücü 265 at qüvvəsi təşkil edirdi. Sonradan mühərrikin gücü 300 at qüvvəsin, ikinci təkmilləşdirmədən sonra isə 325 at qüvvəsinə yüksəldilmişdir.
Beş pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışan mühərrik avtomobili 322 km/saat həddinə kimi sürətləndirməyə imkan verirdi.
Hal-hazırda Lancia 037 Stradale avtomobilin ümumi yollar üçün buraxılmış 207 nüsxəsindən birini RM Sothbey’s hərraclarında satışa çıxarılmaya hazırlaşırlar. Şassi nömrəsi 063 və odometrində 33000 kilometr göstəricisi olan avtomobilin satışlarında 335 - 355 min avro əldə etmək planlaşdırılır.