Uzun müddətdir ki, daxili bazar üçün Ypsilon hetçbekindən başqa heç bir modeli buraxmayan Lancia markası tarix olmağa çox yaxın idi. Lakin markanın daxil olduğu Stellantis ittifaqı italyan istehsalçısını dirçəltmək fikrinə düşüb. Alyans yaxın 10 il ərizndə italyam markasının inkişafına ciddi sərmayə qoymaq niyyətindədir.
Bu günlərdə Automotive News Europe nəşri Lancia markasının gələcək planları barədə məlumatı əldə edib: italyan markası qeyri-adi dizaynı ilə seçilən yığcam modellərin istehsalı ilə məşğul olacaqdır. Lancia avtomobillərinin dizaynı üzərində Stellantis alyansının Avropa bölməsinin şef-dizayneri Jan-Pyer Plue işləyəcəkdir.
Lancia Ypsilon
Birinci olaraq, 2024-ci ildə, cari Ypsilon modelinin birbaşa varisi işıq üzü görməlidir. Benzin versiyası ilə yanaşı, yığcam hetçbekin elektrik ötürməsi ilə hərəkətə gələn versiyası da təklif ediləcəkdir. Bu model Lancia markasının tarixindəki ilk elektrokar olacaqdır.
2026-cı ilin ilk rübündə daha bir elektrokar - yığcam krossover təqdim olunmalıdır. Yeni krossover daxili yanma mühərriki ilə təchiz edilməyəcək və böyük ehtimalla, elektromobillər üçün xüsusi olaraq hazırlanmış platformada inşa ediləcəkdir. Hər iki avtomobil, alyansa daxil olan Alfa Romeo və DS Automobiles şirkətlərinin iştirakı ilə yaradılacaqdır.
Luka Napolitano və Jan-Pyer Plue
Alyansın rəhbərliyi ilk iki avtomobilin buraxılmasına “yaşıl işıq” yandırıb, lakin üçüncü modelin ətrafında müzakirələr davam edir. Bu C seqmentindən olan hetçbekdir və çox güman ki, əfsanəvi Delta adını alacaqdır. Lancia Delta hetçbekinin davamçısı 2027-ci ildə debüt edə bilər.
Qeyd etmək lazımdır ki, bu gün Lancia şirkətinin istehsal etdiyi və bir müddət bundan öncə yenilənmiş Lancia Ypsilon hetçbeki İtaliyada yaxşı satış nəticələrinə nail olub. Bu ilin ilk beş ayında Lancia 22.783 avtomobil satılıb. Bu, müvafiq dövrdə, Alfa Romeo markasının Avropada satdığı Giulia və Stelvio modellərinin ümumi tirajından çoxdur.