Lancia əfsanəvi Gamma adını yeni nəsil kupe-krossoverlə yenidən gündəmə gətirib. Həm hibrid, həm də tam elektrik güc qurğuları ilə təklif olunacaq model fərqli dizaynı, müasir salonu və 741 kilometrədək yürüş ehtiyatı ilə seçilir. Modifikasiya çeşidinin zirvəsində isə 375 at gücünə malik tam ötürməli HF Integrale versiyası dayanır.
1976–1984-cü illərdə fastbək və kupe kuzovları ilə istehsal olunan Gamma adı indi tamamilə fərqli avtomobil üçün istifadə edilir. Yeni model Stellantis konserninin STLA Medium platformasında hazırlanıb və texniki baxımdan DS N°7 ilə bir sıra ümumi elementlərə malikdir.
Bununla belə, ön və arxa hissələrin dizaynı Lancia markasının öz üslubunda işlənib. Kuzovun uzunluğu 4672, eni - 1898, hündürlüyü isə versiyadan asılı olaraq 1664 və ya 1665 millimetrdir.
Salonun ön panelində 10,25 düymlük cihazlar paneli, multimedia sisteminin 16 düymlük ekranı və 21 düymlük proyeksiya displeyi yerləşdirilib. Yuxarı təchizat səviyyələrində simsiz şarj qurğusu inteqrasiya olunmuş yarımdairəvi masa və 14 dinamikli, 690 vatt gücündə Focal səs sistemi də təklif olunur. Baqaj bölməsinin həcmi 560 litrdir.
Gamma-nın güc aqreqatları çeşidinə bir hibrid və üç tam elektrik mühərriki daxildir. Hibrid modifikasiya 136 at gücündə 1,2 litrlik üçsilindrli turbomühərrik, iki muftalı altıpilləli robotlaşdırılmış transmissiya və 48 voltluq elektrik mühərriki ilə təchiz edilir.
Sistemin ümumi gücü 145 at gücü, fırlanma anı isə 230 Nm-dir. Ön ötürməli avtomobil 100 km/saata 10,4 saniyəyə sürətlənir və 201 km/saat maksimal sürətə malikdir.
Baza elektrik versiyasında ön oxda yerləşən mühərrik 230 at gücü hasil edir, qısamüddətli güc artımı zamanı isə göstərici 260 at gücünə çatır. 73,7 kVt/saatlıq batareya WLTP dövrünə əsasən 543 kilometrədək yürüş ehtiyatı təmin edir. Bu versiyanın 100 km/saata sürətlənməsi 7,7 saniyə çəkir.
Daha böyük, 97,2 kVt/saatlıq batareya ilə təchiz edilən ön ötürməli versiya 245 at gücünə malikdir, qısamüddətli güc artımı ilə isə 280 at gücü əldə edir. Onun yürüş ehtiyatı 741 kilometrə çatır. 100 km/saata sürətlənmə 7,8 saniyə təşkil edir.
Ailənin ən güclü üzvü olan Gamma HF Integrale iki elektrik mühərriki və tam ötürmə sistemi ilə təchiz edilir. Güc qurğusunun ümumi hasilatı 375 at gücünə, fırlanma anı isə 509 Nm-ə çatır. Bu versiya 100 km/saata 5,1 saniyəyə sürətlənir və 97,2 kVt/saatlıq batareya ilə 676 kilometrədək məsafə qət edə bilir.
HF Integrale üçün adaptiv asqı sistemi də nəzərdə tutulub. Sistem ön kameranın görüntülərindən istifadə edərək yol örtüyünün vəziyyətinə uyğun olaraq asqının işini qabaqcadan tənzimləyə biləcək.
Elektrik versiyalarının hamısında maksimal sürət 190 km/saat həddində məhdudlaşdırılıb.
Gücü 160 kVt və ya daha yüksək olan sürətli şarj stansiyasında batareyanı 10 faizdən 80 faizə qədər doldurmaq baza versiyasında 36 dəqiqə, daha böyük batareyalı və HF Integrale versiyalarında isə 32 dəqiqə çəkir.
Yeni Lancia Gamma-nın istehsalı İtaliyanın Potensa əyalətində yerləşən Melfi zavodunda təşkil ediləcək. İtaliya bazarında hibrid versiyanın qiyməti 39 900 avrodan başlayır. Baza elektrik modifikasiyası ən azı 45 900 avroya, böyük batareyalı versiya 51 900 avroya, HF Integrale isə 59 900 avroya təklif olunur.
Sifarişlərin qəbuluna artıq start verilib. İtaliyada tədarüklər noyabrda başlanacaq, digər Avropa ölkələrində isə modelin 2027-ci ildə satışa çıxarılması planlaşdırılır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









