Artıq bildiyimiz kimi, yeni nəsil Lancia Ypsilon hetçbekinin təqdimatı fevral ayına planlaşdırılıb, lakin avtomobil artıq bir neçə dəfə ictimaiyyət qarşısında kamuflyajsız görünüb – seriyaöncəsi prototip oğurlanıb və çaya düşüb, batmış avtomobil isə daha sonra xilasedicilər tərəfindən sudan çıxarılıb.

Görünən odur ki, bütün bunlar kifayət deyil və italyan istehsalçısı Edizione Limitata Cassina versiyasını rəsmi videoçarxda nümyiş etdirmək qərarına gəlib. Amma ən qəribəsi odur ki, Lancia Ypsilon modelinin rəsmi təqdimatı olmayıb və hetçbekin xüsusiyyətləri naməlum olaraq qalır.

Yeni Ypsilon keçən ilin sonunda rəsmi tizerlər vasitəsilə qismən məxfilikdən çıxarılmışdı. O zaman hetçbekin “işıqlanan barmaqlığı” və kapotunda böyük LANCIA yazısı olan Pu+Ra HPE konseptinin üslubunda hazırlandığı təsdiqlənmişdi.

İndi bu elementləri real avtomobildə də görmək olar: üç işıq xətti klassik “calice” və ya kasanı əmələ gətirir, markanın adı isə, kontrast üçün parlaq qara paneldə yerləşir. Arxa sütunlar da qara rəngə boyanıblar.

Salondakı ön paneldə müxtəlif səviyyələrdə quraşdırılmış iki ekran var. Rəqəmsal cihazlar paneli bir qədər “dərində” yerləşir, multimedia sisteminin ekranı isə əksinə, irəli çıxır. Onun altında deflektorlar bloku yerləşib. Əlbəttə ki, Cassina mebel fabriki ilə birgə hazırlanmış yarımdairəvi tavolino (italyan dilində tərcümədə "masa") platforması da diqqəti çəkir.

Lancia Ypsilon modelinin Edizione Limitata Cassina adlı xüsusi versiyasına gəlincə, o, 1906 nüsxəlik məhdud saylı tirajla buraxılacaq (Lancia şirkətinin yarandığı il). İlkin məlumatlara görə, xüsusi seriyadan olan hetçbek 154 at qüvvəli elektrik mühərriki və 54 kilovat-saatlıq batareyadan ibarət olan elektrik güc qurğusu ilə təchiz ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.