Lancia brendi 13 ildən sonra nəsil dəyişdirən Ypsilon hetçbeki ilə yenidən böyük Avropa bazarına qayıdır. Xatırldaq ki, hetçbekin Polşada buraxılan üçüncü nəsli yalnız İtaliyada satılırdı. Bu eyni Ypsilon olsa da, o, Stellantis konserninin aqreqatlarında inşa olunmuş beşqapılı hetçbek kimi yenidən dünyaya gəlib. Onun ən yaxın qohumları Peugeot 208, Opel Corsa modelləri və onların elektrik versiyalarıdır.

İlk təqdim olunan Ypsilon hetçbeki məhdud buraxılışlı Edizione Limitata Cassina seriyasından olan elektrik modifikasiyasıdır. Daha sonra mülayim hibrid versiyaları, həmçinin "bərkgedən" Ypsilon HF (High Fidelity) hetçbeki işıq üzü görməlidir.

Qeyd etmək lazımdır ki, elektrik hetçbeki haqqında tam məlumat verilib: o, Stellantis qrupuna daxil olan digər markaların istifadə etdiyi eCMP arxitekturasına əsaslanır. Buna misal kimi, Peugeot E-208 və Opel Corsa Electric modellərini göstərmək olar.

Hələlik isə, italyan mebel dizayneri Cassina şirkəti ilə əməkdaşlıqda hazırlanmış xüsusi seriyadan olan Ypsilon Limited Edition Cassina versiyası debüt edib. O, 1906 nüsxəlik tirajla buraxılacaq və 39 999 avroya satılacaq. Müqayisə üçün qeyd edək ki, Avropada satılan Tesla Model 3 modelinin baza versiyası bir neçə min avro bahadır.

Lancia Ypsilon Limited Edition Cassina modeli yüksək keyfiyyətli mavi məxmərlə üzlənmiş interyeri, habelə mərkəzi konsolun üstündə yerləşən və smartfonların simsiz şarj cihazı quraşdırılmış qeyri-adi dəyirmi masa ilə fərqlənir.

 Ön panelin mərkəzində S.A.L.A multimedia sisteminin düzbucaqlı 10,25-düymlük ekranı yerləşir. İtalyan istehsalçısı yeni Ypsilon modelinin eyni platformanı bölüşdüyü Stellantis modellərin fərqli olaraq, xüsusi əməliyyat və səs sistemini aldığını vurğulayır.

Hetçbekin təchizatına masaj funksiyası olan oturacaqlar və ikinci avtonomluq səviyyəsini təmin edən yarımavtopilot daxildir.

Ypsilon elektrik hetçbeki 51 kilovat-saatlıq batareyadan qidalanan 156 at qüvvəli yeganə elektrik mühərriki ilə hərəkətə gəlir. Dolu batareya ilə hetçbek WLTP dövrünə əsasən 403 kilometr yol qət edir. Batareyanın 20-dən 80 faizə qədər doldurulmasına 24 dəqiqə gərəkdir.

Daha sonra, Ypsilon modelinin modifikasiya çeşidi  100 və 136 at qüvvəli 1,2-litrlik PureTech benzin turbomühərrikinə əsaslanan yumşaq hibrid güc aqreqatına malik olan hetçbeklər ilə tamamlanacaq. Ancaq idman HF versiyasının güc aqreqatı çox güman ki, tamamilə elektrik olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lancia Ypsilon modelinə sifarişlərin qəbuluna artıq start verilib və satışların başlanması isə, yay aylarına planlaşdırılıb. Yeni model eyni vaxtda İtaliya, İspaniya, Belçika, Hollandiya və Fransada bazar debütü edəcək, 2025-ci ildən başlayaraq isə, Almaniyada satışa çıxarılmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.