Land Rover şirkəti tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn yolsuzluq avtomobilini buraxmaq məsələsinə baxır. Bu barədə markanın baş dizayneri Cerri Makqovern bildirib. Məlumatı Avstraliyanın “Drive” nəşri yayıb.
Böyük ehtimalla, elektrik ofroderi Jaguar i-Pace modelinin təkmilləşdirilmiş platformasında inşa ediləcəkdir. Yeni modelin nə zaman işıq üzü görəcəyi və istehsalçının model xəttində tutacağı yer məlum deyil. Makqovern, həmçinin mühəndislərin yeni platformanın imkanlarını araşdırmalı, dizaynerlərin isə fundamental dəyişiklikləri avtomobilin xarici görkəmində tətbiq etməli olduqlarını da qeyd edib.
Makqovern eyni zamanda elektrikləşdirmənin qaçınılmaz olduğunu bildirib.
Gələcəkdə bu yenilik markanın bütün avtomobillərinə şamil ediləcəkdir.
Land Rover markasının ilk elektrikləşdirilən modeli Range Rover Sport modeli olub. P400e indeksinə malik olan avtomobil 300 at qüvvəli 2,0-litrlik turbomühərrik, 116 at qüvvəli elektromotor və 13,1 kilovat-saatlıq tutumu olan batareyalar dəsti ilə təchiz edilir. Hibrid qurğunun ümumi gücü 404 at qüvvəsi və 640 Nm fırlanma anı təşkil edir. Hibrid ofroder 100 km/saat sürətini 6,7 saniyəyə toplayır və 220 km/saat maksimal sürət həddinə malikdir.