Land Rover Defender ailəsində artım gözlənilir. Üçqapılı Defender 90 və beşqapılı Defender 110 modelinə 130 indeksli uzun versiya qoşulacaqdır. Belə ofrouderin hazırlandığı barədə məlumat hələ 2019-cu ildə peyda olmuşdu. Yeni versiya ən iri Defender modeli olmaqla yanaşı, həm də statusuna görə Range Rover modellərinə yaxınlaşacaq ən bahalı və ən dəbdəbəli Defender olacaqdır.

Belə ofrouderin patent təsvirləri bir müddət bundan öncə ABŞ-da dərc ediliblər və onlar əvvəlki gözləntiləri təsdiqləyirlər. Defender 130 modeli də Defender 110 modeli ilə eyni təkər bazasına malik olacaqdır. Ənənəvi olaraq, rəqəmsal indeks məhz ofrouderin oxları arasındakı məsafəyə işarə edirdi, lakin bu dəfə qaydalara riayət olunmayıb. Təkər bazasının artırmaq əvəzinə, mühəndislər kuzovun arxa çıxışını uzatmaq qərarına gəliblər. İlkin məlumata görə, Defender 130 modelinin uzunluğu 5,1 metrə çatacaqdır. Müqayisə üçün, 110 indeksli modeldə bu göstərici 4,7 metr təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt

Gələcək Defender 130 modeli üç oturacaq cərgəsinə, səkkiz oturma yerinə malik olacaqdır. Xatırladaq ki, Defender 110 modeli maksimum yeddi oturma yeri təklif edir. 130 indeksli ofrouder isə yalnız zəngin təchizata və ən güclü mühərriklərə sahib olacaqdır. Land Rover Defender 130 ofrouderinin yaxın aylarda debüt etməsi gözlənilir. Onun ardınca, Land Rover şirkəti bu ofrouderin bazasında inşa ediləcək bahalı və dəbdəbəli pikapı hazırlayacaqdır – artırılmış arxa çıxış məqbul ölçüləri olan yük platformasını təşkil etməyə imkan verməlidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.