Frankfurt-Mayn şəhəri yeni Land Rover Defender modelinin xəritəsində vacib nöqtələrdən biridir. Məhz bu şəhərdə keçiriləcək avtosalonda Land Rover şirkəti əfsanəvi ofrouderin yeni nəslini təqdim edəcəkdir. Bu gün britaniya markasının dərc etdiyi videotizerdə yeni ofrouderin təqdimat məkanı və tarixi də açıqlanıb - 10 sentyabr.
Yeni Land Rover Defender Frankfurt avtosalonundakı təqdimata Qazaxstandan yollanacaqdır. Ofrouder Qazaxstandakı Çarın kanyonundakı Qəsrlər Vadisindən Frankfurta qədər olan beş min kilometr məsafəni qət edəcəkdir.
Rəsmi fotoşəkillər olmasa da, videotizerdə Çarın kanyonu ilə hərəkət edən avtomobili yalnız uzaq məsafədən görmək olar. Bununla belə, yeni Defender modelinin dizaynının əfsanəvi sələfinin klassik düzbucaqlı formalarına uğurlu şəkildə uyğunlaşdırıldığını söyləmək mümkündür.
Frankfurt avtosalonunda Land Rover şirkəti beşqapılı Defender 110 modelini nümayiş etdirəcəkdir. 2020-ci ilin yazında üçqapılı Defender 90, bir il sonra isə, ən iri səkkizyerli Land Rover Defender 130 ofrouderi debüt edəcəkdir.