Land Rover Defender modelinin əvvəlki nəsli pikap kuzovlu modifikasiyada da təklif edilirdi. Bir çoxları yeni təqdim edilmiş Defender modelinin belə növ kuzovla buraxılacağını güman etsələr də, britaniyalılar belə addımı atmağa tələsmirlər.
Land Rover Defender modelinin yük variantının yaradılması üçün, ofrouderin gələn il debüt edəcəyi planlaşdırılmış 130 indeksli modifikasiyasının daha məqsədəuyğun olduğu hesab edilir. Lakin, “Motoring” nəşrinə müsahibə verən Jaguar Land Rover şirkətinin yüksək vəzifəli nümayəndəsi pikapın hələlik şirkətin planlarına daxil olmadığını bildirib. Onun sözlərinə görə, belə modifikasiyanın yaradılmasına pul xərcləməyə heç bir ehtiyac yoxdur, çünki Defender 130 modelini mahiyyətcə sərt dama malik olan pikap kimi qəbul etmək olar. Üstəlik, mühəndislər yeni platformanın imkanlarına bir qədər şübhə ilə yanaşırlar.
Əvvəl də peyda olmuş məlumata əsasən, gələn il Defender 90 və 110 modifikasiyalarının cərgəsinə 130 indeksli model də qoşulmalıdır. Ən böyük “Defin” 110 indeksli modifikasiyadan 40 sm uzun olacağı bildirilib. Bununla belə, hər iki modelin təkər bazası 3022 mm olacaqdır. Kuzovun uzunluğunun artırılması ya yük yerini böyütməyə, və yaxud səkkiz sərnişini yerləşdirməyə imkan verəcəkdir.
Əgər Land Rover rəhbərliyi fikrini dəyişib pikap tələb edərsə, bu zaman dördqapılı kuzova və yük platformasına malik olacaq avtomobil ən yaxşı halda beş sərnişini götürə biləcəkdir. Bundan başqa, avtomobilin “kommersiya” modifikasiyaları da vəd olunub. İstənilən halda, Land Rover rəhbərliyinin pikap barədə qərar qəbul etmək üçün kifayət qədər vaxtı vardır.