«Autocar» dərgisinin əldə etdiyi məlumata görə, JaguarLandRover ittifaqı gələn il yeni krossover təqdim etməyi planlaşdırırlar. Bildiyimiz kimi, Britaniya şirkətinin model cərgəsində hələ də kupe-krossover kuzovlu avtomobillər mövcud deyildir. Lakin, britaniyalılar tezliklə bu çatışmamazlığa son qoymaq niyyətidədirlər. L560 zavoddaxili şifrəsi ilə hazırlanan avtomobil, BMW şirkətinin X6 modeli ilə rəqabət aparacaqdır. Söylənənlərə görə, yeni avtomobil Range Rover Sport Coupe adı ilə satışa çıxarılacaqdır.
Təsdiq olnumamış məlumata görə, yeni avtomobil Jaguar F-Pace modelinin platformasında yığılacaq və alüminiumdan hazırlanmış kuzovla təchiz ediləcəkdir. Avtomobil uzun kapotu və güclü maili damı olan kupe formalı cizgiləri ilə seçiləcəkdir.
Avtomobilin qabarit uzunluğunun 4,7 metr olacağı söylənilir və onun istehsalçının model cərgəsində Evoque ilə Range Rover Sport modellərinin arasında qərarlaşacağı ehtimal olunur. Krossover ölçülərinə görə BMW X4 və Mercedes-Benz GLC Coupe modellərinə yaxın olsa da, qiymət baxımından daha iri olan BMW X6 və Mercedes-Benz GLE Coupe modelləri ilə rəqabət aparacaqdır.
İlkin məlumatlara görə, Range Rover Sport Coupe modelinin qiymətləri 60 min funt-sterlinqdən (141 min manatdan) başlanacaqdır.
Çox güman ki, yeni avtomobil JaguarLandRover ittifaqının arsenalında olan altı və səkkiz silindirli mühərriklərlə təchiz ediləcəkdir. Yeni avtomobil üçün Jaguar modellərində istifadə edilən İngenium ailəsindən olan dördsilindirli turbomühərriklərin təklif ediləcəyi isə hələlik sual altındadır.
Avtomobilin hibrid güc aqreqatı ilə təchiz ediləcəyi də istisna edilmir. Bundan başqa, kupe-krossoverin ittifaqın SVO (Special Vehicle Operations) bölməsi tərəfindən hazırlanmış və 550 at qüvvəli üfürməli V8 mühərriki ilə təchiz ediləcək «bərkgedən» modifikasiyasının da olacağı söylənilir.