Ən güclü Defender ofrouderi düz bir il əvvəl debüt edib. Octa prefiksini almış ofrouder 635 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə təchiz olunur. İndi isə, Land Rover bu ofrouderin xalq arasında demişkən, “zil qara” versiyasını - Octa Black moifikasiyasını nümayiş etdirib. Əlbəttə ki, o, "standart" ofrouderin may ayında aldığı yenilənmələrə də sahib olub.
Avtomobilin kuzovu Narvik Black rənginə boyanır. İstehsalçının bildirdiyinə görə, bu, Defender modelinin boya palitrasındakı ən qara rəngdir. Boya örtüyü standart olaraq parlaqdır, lakin müştərilər tutuqun qoruyucu örtüyü də sifariş edə bilərlər.

Ümumilikdə Defender Octa Black modelində 30 yeni dekorativ element var - parlaq (Gloss Black) və ya tutqun (Satin Black). Land Rover embleminin oval hissəsi qara rəngdədir və tündləşdirilmiş gümüşü yazıya malikdir. Onun altındakı radiator barmaqlığı da qara rəngdədir.
Opsional olaraq, qara əyləc supportları və Defender yazısı olan qara qapaqları olan 20 və 22 düymlük Gloss Black təkər diskləri də əlçatandırlar.
Salonda da qara rəng hökm sürür: oturacaqlar Kvadrat vurğuları və dəlikli yeni yumşaq Ebony Semi-Anilin dərisi ilə üzlənib, ön panel isə, Satin Black toz örtüyü ilə işlənib. Əlavə ödəniş müqabilində, doğranmış karbon lifindən hazırlanmış dekor da əlavə oluna bilər.
“Adi” Octa kimi, “zil qara” ofrouder də 635 at qüvvəli V8 mühərriki ilə təchiz edilir. Avtomobil sıfırdan ilk “yüzlüyə” dörd saniyəyə sürətlənir və onun maksimal sürəti 250 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.