Defender yolsuzluq avtomobilinin yeni nəsli 2019-cu ildən tez təqdim edilməyəcəkdir. Bu barədə məlumatı Land Rover şirkətindəki mənbələrə əsaslanan «Autocar» nəşri xəbər vermişdir. Əvvəllər güman edilirdi ki, avtomobilin yeni nəsli 2018-ci ildə işıq üzü görəcək. Altmış səkkiz il müddətində istehsal edilmiş Land Rover Defender avtomobilinin buraxılışına bu ilin yanvar ayının sonunda xitam verilmişdir. Alüminium platformada yığılacaq yolsuzluq avtomobilinin yeni nəsli bir çox komponentləri Jaguar Land Rover şirkətinin digər avtomobilləri ilə bölüşəcək.
Britaniyalılar Defender modelinin tərkibində açıq və bağlı üç qapılı kuzovla, pikap kuzovu və üç oturacaqlar cərgəsi olan beş qapılı kuzovla buraxmağı planlaşdırırlar. Avtomobilin mühərriklər qammasına iki litrlik benzin və dizel mühərrikləri, həmçinin üfürməsiz və mexaniki sıxıcı kompressorlu V6 mühərriki daxil olacaqdır. Bundan əlavə, Defender ailəsi «qaynar» və ağır yolsuzluq üçün nəzərdə tutulmuş avtomobillərlə də genişləndirilə bilər.
Yeni nəsl Land Rover Defenderin dizaynına gəldikdə isə, gələcək avtomobilin şəkildə gördüyümüz DC 100 Expedition konsepti ilə heç bir oxşarlığı olmayacaqdır. Jaguar Land Rover yeni model üçün tamamilə yeni bir dizayn düşünür. Səbəb kimi, marka həvəskarlarının bir neçə il bundan öncə təqdim edilmiş DC 100 konseptinə olan soyuq münasibəti göstərilmişdir.
Land Rover Defender modelinin istehsalı Britaniya şirkətinin Slovakiyada inşa edəcək zavodunda təşkil ediləcəkdir. Bu zavodun tikilməsinə 1,5 milyard avro vəsait xərcləmək planlaşdırılır.