Land Rover şirkəti yenilənmiş Discovery Sport modelini təqdim edib. Land Rover Discovery Sport yeni platformaya keçib və hibrid güc qurğularına malik olub. Model cüzi eksteryer dəyişikliklərinə, daha zəngin təchizata, həmçinin salonun yaxşılaşdırılmış tərtibat materiallarına sahib olub.
Land Rover Discovery Sport modeli Premium Transverse Architecture (PTA) platformasında inşa edilib. Bu isə, öndə McPherson dayaqlarının, arxada isə çoxqollu asqının quraşdırıldığından və kuzovun sərtliyinin 13% artdığından xəbər verir. Yeni platformaya keçid mühərrik çeşidini elektrikləşdirməyə, həmçinin hərəkət zamanı komfortu yüksəltməyə imkan verib.
Yenilənmiş Discovery Sport modeli 48 voltluq şəbəkə və startyor-generatorla təchiz edilmiş “yumşaq” hibrid modifikasiyalara da sahib olub. Belə modifikasiyalar 250 at qüvvəsinə qədər gücə malik olan Ingenium benzin və dizel mühərrikləri ilə təchiz edilə bilər. Hibrid əlavənin tətbiqi yanacağa 6% qənaət etməyə imkan verib. Sonradan modelin qoşulan hibrid versiyası da təklif ediləcəkdir.
Ofrouderin 150 at qüvvəli dizel mühərriki və öndənçəkişli ötürmə ilə təchiz edilən baza versiyası yeganə hibrid olmayan modifikasiyasıdır. Qalan modifikasiyalar yenilənmiş doqquz pilləli ZF “avtomatı” və tamötürməli çəkiş sistemi ilə təchiz edilir. Transmissiya fırlanma anını dinamik şəkildə (Active Driveline) oxlara arasında bölmək və sabit sürətlə hərəkət zamanı (Driveline Disconnect) arxa oxu ayırmaq imkanına malikdir.
Land Rover Discovery Sport modelinin standart təchizatına Terrain Response 2 hərəkət rejimlərinin dəyişdirilməsi sistemi də daxil edilib. Bu sistem beş əsas və bir əlavə avtomatik profilə malikdir.
Discovery Sport modelinin salonunda “şaybanın” əvəzinə ötürmələr qutusunun elektron dəstəyini, 10,25 düymlük sensorlu displeyi, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən, 4G LTE Wi-Fi giriş nöqtəsinə malik olan Touch Pro əyləncə-məlumat kompleksini və smartfonların induksion doldurulması meydançasını görmək olar. Ön panelin arxitekturası və blokların yerləşdirilməsi Range Rover Evoque modelinin üslubunda həyata keçirilib.
Əlavə olaraq ofrouderi rəqəmsal cihazlar paneli, “ağıllı” salon güzgüsü, virtual şəffaf kapot və Smart Setting sistemi ilə təchiz etmək olar. 50 dərəcəlik müşahidə bucağına malik olan “ağıllı güzgü” arxa şüşənin qapanması halında arxa kameradan alınan görüntüləri əks etdirir. Smart Setting sistemi isə, sürücünün vərdişlərini təhlil edərək, avtomobili onun tələblərinə uyğun olaraq tənzimləyir. Bundan başqa, ofrouder üçün geniş çeşiddə yardımçı təhlükəsizlik sistemləri təklif edilir.
Yeni Land Rover Discovery Sport modelinin Böyük Britaniyadakı satış qiymətləri 31575 funt sterliqndən başlayır.