Larte Design tüninq atelyesi Maserati Levante krossoveri üçün nəzərdə tutulmuş Shtorm adlı tüninq dəstini təqdim edib. Tüner tərəfindən təklif edilən dəst italyan krossoverinə daha aqressiv görkəm verir.
Shtorm dəsti karbondan hazırlanmış 17 elementdən ibarətdir: bunların arasında ön bamperdəki haşiyələr, ön splitter, arxa diffuzor, yan ətəklər, təkər tağlarının genişləndiriciləri, yan güzgü gövdələri, kapoton üzərindəki havalandırma girişləri və arxa spoyler də vardır. Bununla belə, tüninq mütəxəssisləri avtomobil texniki hissəsinə müdaxilə etməyiblər.
Maserati şirkəti Levante modelini «Avro-6» standartlarına cavab verən benzin və dizel mühərrikləri ilə təchiz edir. Avtomobil 350 və 430 at qüvvəsi gücü olan 3,0-litrlik V6 benzin mühərrikləri ilə hərəkətə gəlir. 350 at qüvvəli avtomobil 100 km/saat həddini toplamağa 6,3 saniyə, 430 at qüvvəli variant isə 5,2 saniyə sərf edir. Top-variantın maksimal sürəti 264 km/saat təşkil edir.
Bundan əlavə, Maserati Levante 275 at qüvvəli dizel mühərriki ilə də təchiz olunur. Bu mühərrik 100 km/saat sürətini 6,9 saniyəyə toplayır və 230 km/saat maksimal sürətə malikdir. Bütün mühərriklər 8-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. Bundan əlavə krossover intellektual tam çəkiş sistemi və özüqapanan differensial ilə təchiz edilir.
Bir müddət bundan öncə, italyan istehsalçısı Nyu-Yorkda keçirilən avtosalonda Levante modelinin "bərkgedən" variantını təqdim edib.Maserati Levante Trofeo 590 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 3,8-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz olunur. Aqreqat yeni turbokompressorlara, silindr bloku başlığına, dirsəkli vala və klapanlarına sahib olub.
Mühərrikin elektron blokunun proqramı yenidən yazılıbdır. Güc aqreqatı səkkiz pilləli avtomatik transmissiya və Q4 tam çəkiş sistemi ilə tandemdə çalışır.
Levante Trofeo 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 300 km/saatdır.