Lexus şirkəti Avstraliyada cəhrə formalı Down Under radiator barmaqlığının dizaynını patentləşdirməyə cəhd edib, lakin yapon istehsalçısı rədd cavabını alıb. Avstraliyanın patent bürosu barmaqlığın “zahiri xüsusiyyətlərinin kifayət qədər olmadığını” əsas gətirərək, Lexus markasının bu dizayna olan hüquqlarını qeydə almaqdan imtina edib.

Yapon markası isə, cavabında radiator barmaqlığının avtomobil dizaynının vacib elementlərindən biri olduğunu və cəhrə formalı barmaqlıq sayəsində Lexus avtomobillərinin digərlərindən fərqləndiyini bildirib.

Sirr deyil ki, son zamanlar bəzi avtomobil istehsalçısları ( əsasən də Çində fəaliyyət göstərən) öz avtomobillərində bənzər formalara malik olan radiator barmaqlıqlarını tətbiq edirlər. Buna misal kimi, Chery markasının Arrizo 5 GT “idman” sedanını göstərmək olar. Onun Lexus avtomobillərinə bənzədiyini, Çin mediası da daxil olmaqla, bir çox kütləvi informasiya vasitələri qeyd ediblər. Bənzər radiator barmaqlığına malik olan avtomobil Geely markasında da var – bu, Atlas ProX krossoveridir.

Çox güman ki, Lexus markasının radiator barmaqlığının cəhrə formalı dizaynını müdafiə etmək cəhdi bununla bağlıdır. İstənilən halda, yapon markasının patent ərizəsinə Avstraliyada rədd cavabı verilib. Ən maraqlısı odur ki, yapon istehsalçılsı belə dizaynı elektrokarlarında da tətbiq etmək niyyətindədir, baxmayaraq ki, elektromobillər üçün radiator barmaqlığı ümumiyyətlə tələb olunmur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.