Lexus GS sedanı düz 27 il bundan öncə -1993-cü ildə debüt edib. Həmin vaxtdan bu günə qədər GS sedanı yapon markasının model xəttindəki ən populyarlardan biri olub. Bu gün satılan Lexus GS sedanı isə, 2011-ci ildə işıq üzü görüb.
Lakin, yapon istehsalçısı Lexus GS modelini tarixin arxivinə göndərməkdə qərarlıdır. Bu ilin avqustunda Lexus şirkəti GS sedanın istehsalına son verəcəkdir - GS modelini daha böyük tələbata malik olan Lexus ES sedanı əvəzləyəcəkdir.
Ənənəyə uyğun olaraq, Lexus GS modeli ilə vidalaşmaq üçün xüsusi Eternal Touring adlı modifikasiyasını hazırlayıb.
Eternal Touring versiyası GS F-in idman versiyasından götürülmüş aerodinamik kuzov dəstinin bəzi elementləri, genişlənmiş radiator barmaqlığı, arxa spoyler və müxtəlif ölçülü şinləri olan 19-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir. Bundan başqa, sedanın təchizatına adaptiv LED fənərlər və kor zonalara nəzarət sistemi əlavə edilib.
Vida modifikasiyasının salonu da GS-F idman versiyasından götürülmüş müəyyən elementlər ilə təchiz edilib. Sedanın interyer tərtibatında dəri və alkantara və karbondan istifadə olunub.
Yaponiyada, vida seriyasından olan sedanların qiyməti 7,100,000 yendən başlayacaqdır.