Lexus şirkəti LC 500 Inspiration Series seriyasından olan növbəti kupeni təqdim edib. Kupe kuzovun eksklyuziv rənginə, həmçinin alkantara və anilin dəri ilə tərtib edilmiş ikirəngli salona sahib olub. Yeni modelin istehsalını 100 nüsxə ilə məhdudlaşdırıblar.
Inspiration seriyasından olan modellər kolleksiya avtomobilləri kimi səciyyələndirilir. Lexus şirkəti LS 500 və LX 570 modellərinin də müvafiq versiyalarını təklif edir. Keçən il Lexus LC 500 Inspitarion Series kupesini unikal mavi Structural Blue rəngində nümayiş etdirmişdilər. Bu il isə, kolleksiyaçılara ünvanlanmış kupe sarı Flare Yellow rəngində təqdim edilib. 2020-ci ildə sportkar eksklyuziv yaşıl Nori Green rənginə boyanacaqdır.
Salonun rəng palitrası dolğun tünd-qəhvəyi Bespoke Saddle Tan və qara Black Amber rənglərindən ibarətdir. Oturacaqların üzlənməsi üçün Lexus kataloqundan olan ən yumşaq və keyfiyyətli anilin dəridən istifadə edilib. Qapı panelləri isə, tünd rəngli alkantara ilə üzləniblər. Lexus LC 500 Inspiration Series kupesinin hər bir nüsxəsi seriyanın adı həkk edilmiş lövhəciklə bəzədilib. Bu lövhəcik avtomobilin stop-siqnallarının formasındadır.
Lexus LC 500 Inspiration Series modeli 5,0-litrlik səkkiz silindirli «atmosfer» mühərriki ilə təchiz edilir. Mühərrikin hasilatı 477 at qüvvəsi və 540 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı 10 diapazonlu avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Yerindən 100 km/saat həddinə kupe 4,7 saniyəyə sürətlənir.