Son həftə ərzində Lexus şirkəti, yaxın illərdə seriyaya gedəcək iki elektrik krossoverinin şəkillərini dərc edib. Bu gün isə, premium yapon markası yığcam elektrik sedanının təsvirlərini yayımlayıb. Bu elektrokar da keçən ilin dekabrında anons edilmiş geniş elektromobillər çeşidindəki modellərdən biridir və dünən təqdim edilmiş iri elektrik krossoveri kimi, onun da indeksi yoxdur.
Lexus Electrified Sedan adlandırılan elektrik sedanı donqarlı qeyri-adi kapotu və qısa baqaj hissəsi ilə seçilir. Çox güman ki, qarşımızadakı elektrokar yığcam Lexus IS modelinin potensial varisidir: bənzərliklər ümumi nisbətlərdə və yan şüşələnmənin formasında özünü biruzə verir. İstənilən halda, Lexus yığcam idman sedanı janrında maraqlı bir modeli hazırlayır.
Yeri gəlmişkən, keçən ilin dekabrında keçirilmiş təqdimatdan sonra dərc olunmuş şəkillərin birində ön tərəfin bənzər tərtibatına malik olan kabrioleti və iki universalı da görümək mümkündür. Əgər bu avtomobillər seriyaya gedərlərsə, Lexus markası yığcam avtomobillər sinifdə, bu günə qədər mövcud olmayan geniş model çeşidi ilə öyünə biləcəkdir.
Xatırladaq ki, universal kuzovu Lexus IS modelinin birinci, kupe-kabriolet isə ikinci nəsilində təklif edilmişdi. Lakin hər iki variant eyni zamanda satılmamışdılar. Təəssüflər olsun ki, elektrik sedanının debüt tarixi açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.