“Bərkgedən” Lexus LC F kupesinin layihəsi koronavirus pandemiyasının daha bir qurbanı olub. Lexus şirkəti bu layihə üzərində çalışmaları dayandırıb. Çoxsaylı casus şəkillərinə və insayderlərdən gələn məlumatlara baxmayaraq, Lexus şirkəti LC kupesinin F-versiyasını buraxmaq fikrindən imtına edib.
Car Sensor nəşrinin bildirdiyinə görə, yapon istehsalçısı iqtisadi vəziyyətin xüsusi modellərinə sərmayə qoymaq üçün qeyri-sabit olduğunu görərək, LC F modeli üzərindəki işləri dayandırmaq və diqqətini daha perspektiv və gəlir gətirən layihələrdə cəmləmək qərarına gəlib. Buna misal kimi flaqman LQ krossoverini göstərmək olar.
Bununla birlikdə, yaxşı xəbər də var: Lexus LC F kupesində debüt etməli olan 600 at qüvvəli yeni 4,0-litrlik V8 turbomühərriki üzərində çalışmalar davam edir. Böyük ehtimalla, bu aqreqat plan üzrə yenilənmədən sonra LC 500 modelində quraşdırılan 477 at qüvvəli səkkizilindrli atmosfer mühərrikini əvəzləyəcəkdir. Yeni mühərrik Toyota Tundra pikapının, Land Cruiser və Sequoia ofrouderlərinin növbəti nəsillərində də quraşdırıla bilər.